25 
Yan
2020
13:31
45
391
13480
Virtual karabakh

Polis Salyanda qıza təcavüz edib? - DİN rəsmisi Oxu.Az-ın suallarını cavablandırır

Daxili İşlər Nazirliyi tərəfindən son günlər saytlarda Salyan məsələsi - polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisə barədə məsələyə aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Son günlər mətbuatın gündəmini zəbt etmiş Salyan məsələsi - polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisə haradan qaynaqlanır?

- Məlumat üçün bildirirəm ki, ötən il sentyabrın 17-də Salyan şəhər sakini Yaşar Abıyev Rayon Polis Şöbəsinə müraciət edərək qızı Aytəkinin evdən çıxaraq naməlum istiqamətdə getməsini bildirib və onun tapılması üçün polisdən kömək istəyib.

Qeyd edim ki, bu artıq Aytəkinin üçüncü dəfə valideynlərindən icazəsiz evlərini tərk etməsi halı idi. Bu dəfə də polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə qızın yeri müəyyən edilərək saxlanılıb və RPŞ-yə gətirilib.

Aytəkin RPŞ-nin həyətində atasını, anasını və qardaşını gördükdə “Siz  məni yenə də tutub valideynlərimə verdiniz?”, - deyərək çantasında olan bıçaqla polis əməkdaşının sağlamlığına ağır xəsarət yetirib.

Bundan sonra rayon prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb və A.Abiyeva Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi həmin cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

- Belə iddialar səsləndirilir ki, guya polis əməkdaşı həmin qıza təcavüz edib. Bu iddiaya münasibətiniz necədir?

- Tamamilə əsassız və uydurma iddiadır. Qeyd etdiyim kimi prokurorluqda qaldırılmış cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı A.Abiyevanın ifadəsi və digər sübutlarla təsdiq olundu ki, onlar arasında heç bir yaxınlıq olmayıb. Yəni itkin düşən şəxsin polis əməkdaşı tərəfindən axtarılıb tapılması tam qanunamüvafiq həyata keçirilib. 

- Polis əməkdaşı Həmzə Əzizovun Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan hər hansı şəxslə qohumluq əlaqələri varmı?

- Birmənalı olaraq bildirirəm ki, polis kapitanı Həmzə Əzizovun DİN-in rəhbər heyətində heç bir qohumu yoxdur. 

- Digər bir iddia da var ki, hazırda inzibati həbsdə olan Salyan rayon sakini Zamin Salayev saxlanılarkən işgəncəyə məruz qalıb və hətta qarın yırtığı partlayıb... 

- Bu məlumat da cəmiyətdə təxribat xarakterli yalan məlumat yaymaqda maraqlı olan müəyyən dairələrin uydurduğu növbəti əsassız iddiadır. Z.Salayev məhkəmənin qərarı ilə törətdiyi inzibati xətaya görə həbs edilib. Onun bütün prosessual hüquqları təmin edilib, o, vəkili və ailə üzvləri ilə görüşmüş, eləcə də, Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər.

Həmin məlumatla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılıb, Z.Salayevin izahatı alınıb, Nazirliyin təşəbbüsü ilə o, DİN-in Hospitalına aparılaraq həkim müayinəsindən keçirilib.

Ona işgəncə verilməsinə dair məlumat öz təsdiqini tapmayıb. Z.Salayevin səhhətində ciddi problem aşkarlanmayıb. Yalnız həkimlər onda çoxdan mövcud olan qarın yırtığı aşkarlayıblar və özünə bu barədə məlumat veriblər. 

- Bəs belə bir adi məsələnin geniş rezonans doğurmasının və polisin üzərinə bu qədər basqının olmasının səbəbi nədir?

- Bizə artıq məlumdur ki, müəyyən şəxslər ölkədə bərqərar olmuş ictimai asayişi, ictimai təhlükəsizliyi qəsdən pozmaq üçün əllərinə düşən hər yoxlanılmamış məlumatdan istifadə etməyə cəhd edirlər. Lakin onların belə qanunsuz əməllərinin qarşısı hüquq mühafizə, o cümlədən də polis əməkdaşları tərəfindən hər dəfə qətiyyətlə alınıb və bundan sonra da alınacaq.

Həmin pozucu qüvvələr öz çirkin arzularına və niyətlərinə heç vaxt çata bilməyəcəklər. Ona görə də onlar qərəzli olaraq eşitdikləri məlumatları təhrif edərək polisin əleyhinə istifadə etməyə çalışırlar. Elə Salyan məsələsinin də geniş rezonans doğurmasının səbəbi budur. 

Hesab edirik ki, hüquq mühafizə orqanları hər dəfə belə “fake” xəbərləri aşkarlayıb məsələyə aydınlıq gətirdiyi kimi, mətbuat və sosial şəbəkə istifadəçiləri də öz növbəsində belə təhrif olunmuş və yalan məlumatların yayılmasının qarşısını almalıdır. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri