May
2021
17:12
195
308
11976
Virtual karabakh

Agentlik sədri: “Hədəfimiz əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunmasıdır” - MÜSAHİBƏ

3 May, 2021
17:12
11976

Agentlik sədri: “Hədəfimiz əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunmasıdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlillik və reabilitasiya xidmətləri ilə bağlı suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov cavablandırır.

- Cavid müəllim, əlilliyin qiymətləndirilməsi sistemində şəffaflığın təminatı üçün ciddi islahatlar aparılır. Saxta əlillik təyinatları aşkar edilərək ləğv olunur. İstərdik bu sahədə görülən işlər, əldə olunan nəticələr barədə məlumat verəsiniz.

- Bildiyiniz kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı əlilliyi olan şəxslərin də sosial müdafiəsinin ildən-ilə güclənməsinə, onlara yönələn dövlət qayğısının, sosial ödənişlərin mütəmadi olaraq artmasına imkan verib. Eyni zamanda, bir sıra kateqoriyalardan əlilliyi olan şəxslər vardır ki, onlar daha yüksək təminatlarla, imtiyaz və güzəştlərlə əhatə olunublar.

Aparılan islahatların da əsas məqsədi odur ki, əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması təmin olunsun. Eyni zamanda, dövlətin əlilliyi olan şəxslərə qayğısından heç bir hüququ olmadan bəhrələnmək istəyənlərə qeyri-qanuni, saxta yollarla əlillik təyinatları aparılmasının qarşısı alınsın, vaxtilə yol verilmiş belə saxta əlillik təyinatları aşkar olunaraq ləğv olunsun. 

Təhlillər apardıqda aydın olur ki, Azərbaycanda əlilliyin ümumi göstəricisi əhalinin altı %-ni təşkil etsə də, pensiyaçıların sırasında əlilliyə görə pensiya alanların çəkisi 30 %-dir. Bu göstərici digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə çox olmaqla, uzun illər əlillik məsələsindən sui-istifadə edildiyini, haqsız qazanc əldə etmək üçün saxta yollarla əlillik dərəcələri alanların olduğunu göstərir.

Son illərdə 7 000-dən çox saxta əlillik təyinatları aşkarlanaraq ləğv edilib, nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb. Müddəti bitən və reabilitasiya olunan əlilliyi olan şəxslərin pensiya işlərinin sayında da 16 min azalma müşahidə olunub.

Bu da illik 71 milyon, uzunmüddətli dövrdə isə 1,5 milyard manatlıq qənaət deməkdir. Araşdırmalar əsasında ləğv edilmiş əlilliyə görə pensiya işlərinin böyük hissəsi məhz aylıq 1 000 manatdan yuxarı olan pensiya işləridir.

Bir məqamı diqqətinizə çatdırım ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə, o zaman qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama və müayinələr aparılmadan avtomatik olaraq beş il müddətinə uzadılıb. Bu qərar həqiqi əlilliyi olan şəxslərlə yanaşı artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də daxil olduğu 190 min şəxsi əhatə edib. 

2021-ci ildə əlillik müddəti bitən həmin şəxslərin onlar barəsində e-sistemə tibb müəssisələri tərəfindən daxil edilmiş göndərişləri əsasında əlilliklərinin təkrar qiymətləndirilməsi aparılır, yəni onların əlillik müddətlərinin uzadılması məsələsinə baxılır. Və əlilliyin uzadılmasına dair təkrar müraciətlərə baxılması zamanı cari ilin I rübünün nəticələri göstərir ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 %-nin əlilliyi əsassız və ya saxtadır. Bu isə illik 150 milyon manatadək dövlət vəsaitinin haqqı olmayan, tam sağlam şəxslər tərəfindən saxta yollarla mənimsənilməsi deməkdir. 

Bizim də əsas hədəfimiz hər bir əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunmasıdır. Bu, sosial ədalətliliyin də vacib şərtidir və saxta əlillik təyinatları həqiqi əlilliyi olan şəxslərdə də narazılıq yaradır.

Əlbəttə, nəyinsə müqabilində yalan, uydurma, şişirdilmiş məlumatlarla diaqnoz yazaraq, əsassız göndəriş tərtib edərək kimlərəsə saxta, əsassız əlillik təyinatı aparılmasına, hətta hər hansı xəstəliyi belə olmayan şəxslərə nə yolla olur olsun əlillik dərəcəsi təyin olunması üçün cəhd edənlər qanun qarşısında məsuliyyət daşıyırlar. Və belələri ifşa olunduqca onlar barəsində hüquq mühafizə orqanlarına da məlumatlar təqdim edilir. Yəqin izləyirsiniz ki, belə məlumatlar mətbuatda da dərc edilərək ictimaiyyətə təqdim edilir.  

Eyni zamanda, saxta yolla əlillik təyinatı aparılmış, əslində əlilliyi olmaya-olmaya əlillik dərəcəsi almış və ya almaq üçün cəhdlər göstərən şəxslərə güclü bir ictimai qınağın olması da arzuolunandır. Onu da vurğulayım ki, saxta əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsait də elə həssas əhali qruplarının, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilir. İctimai tənbeh mühiti də bu aspektdən vacibdir.

- Bəzən elə şəxslər olur ki, heç xəbəri olmadan müavinəti, ya pensiyası kəsilir və sonradan öyrənir ki, sən demə, əlillik müddəti başa çatıbmış...

- Əvvəlcə onu qeyd edim ki, bəzən haradasa kimsə bildirir ki, bəs, hansısa şəxsin əli və ya ayağı yoxdur, ona niyə müddətli əlillik təyin ediblər. Bunu o şəxslər deyirlər ki, ya tam məlumatsızdırlar, ya da hansısa ambisiyaları üçün bilərəkdən təhrifə yol verir, başqalarını da çaşdırırlar. 

Xüsusi olaraq vurğulayım ki, əzaların amputasiyası hallarında əlillik müddətsiz, yəni ömürlük təyin olunur. Ümumilikdə digər geridönməz hallarla, yəni sağalması mümkün olmayan ağır xəstəliklərlə bağlı da əlillik müddətsiz təyin edilir. 

Müddətsiz əlillik təyin edilmiş şəxslərin əlilliklərinin təkrar müayinəsi aparılmır. Əgər kimsə hansısa şəxsin tutaq ki, əli və ya ayağı amputasiya olunduğu halda təkrar müayinəyə çağırıldığını bildirirsə, bilin ki, bu tamamilə yalandır. 

Qeyd etdiyiniz məsələ ilə bağlı isə onu bildirim ki, bəzən şəxs şikayət edir ki, bəs əlilliyi olan şəxsdir, lakin xəbəri olmadan pensiyası kəsilib. Belə şəxslər əlillik müddətinə dair öz məlumatlarına nəzər yetirmir, pensiyası, müavinəti kəsiləndə fikirləşirlər ki, yəqin onlara xəbər verilmədən əlillikləri ləğv edilib.

Halbuki onlar bilməlidir ki, onların əlilliyi ləğv edilməyib, sadəcə əlillik müddətləri bitib və belə halda qanunvericiliyin tələblərinə müvafiq olaraq müddəti bitmiş əlilliyin uzadılmasına dair səhiyyə müəssisələrinə müraciət etməlidirlər. Əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sisteminə daxil edilməlidir. 

- Bəzən belə hallar sağlamlıq imkanları məhdud uşaqlarla bağlı da baş verir...

- Doğrudur. Bəzi valideynlər məlumatsızlıqdan sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayandırılmasını əlilliyin ləğvi kimi başa düşürlər və bununla bağlı narazılıq edirlər. 

Halbuki onlar da bilməlidirlər ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizin qanunvericiliyinə müvafiq olaraq sağlamlıq imkanları məhdud uşaqların (SİMU) 18 yaşı tamam olduqda onların statusunun vaxtı başa çatır. Bu şəxslərə həmin yaşdan artıq əlillik dərəcəsi təyin olunmalıdır. 

Bunun üçün də müvafiq əlillik qrupunun təyin edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməli, 18 yaşına çatmış həmin uşaqlara əlillik dərəcəsi təyin olunması üçün də (Forma-88) səhiyyə müəssisələri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sisteminə daxil edilməlidir. 
 

Amma bir mühüm məqamı qeyd edim ki, “Əlilliyin müəyyən olunması” meyarlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihəsi qəbul olunduqdan sonra, meyarlara uyğun olduğu halda bu kateqoriyadan olan uşaqlara əlillik artıq 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcəkdir.

- Cavid müəllim, əlilliyi olan şəxslərin, həmçinin qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı üçün hansı işlər görülür? 

- Prezident İlham Əliyevin bəyan etdiyi kimi, tarixi qələbəmizin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Vətən müharibəsinin elə ilk günlərində və müharibə zəfərlə başa çatandan sonra, dövlət başçısının ilk növbədə, yaralı hərbçilərimizlə görüşməsi onlara yüksək hörmət və diqqətin nümunəsidir. 

Dövlət başçısının göstərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm bazadır. 2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əsaslı təmir olunaraq və yenidən qurularaq, ən müasir avadanlıqlarla təchiz edilib və istifadəyə verilib.  

2021-ci ilin 25 fevralında isə dövlət başçısının iştirakı ilə ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan, ildə 5 minə yaxın şəxsə reabilitasiya xidməti göstərməyə imkan verən 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatının açılışı olub. Ümumilikdə son iki ildə və bu ilin ilk rübündə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq, yenidən qurulub və istifadəyə verilib.

Göründüyü kimi, əlilliyi olan şəxslərə, həmçinin qazilərimizə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə, qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradılıb. 

Həmçinin əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsində də mühüm işlər aparılır. Bu işlərin davamı olaraq, ötən il agentliyimiz tərəfindən əlilliyi olan şəxslərə 1000-i təkərli oturacaq olmaqla 35 minə yaxın, 2021-ci ilin I rübündə isə 300-ə yaxını təkərli oturacaq olmaqla 11 212 reabilitasiya vasitəsi verilib. 

- Qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatı işləri aparılır. Bir qədər əvvəl isə yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatına başlandı. İstərdik ki, bu işlər barədə məlumat verəsiniz...

- Bəli, dövlət başçısının tapşırığı ilə bu sahədə mühüm işlər aparılır. Prezident 300-dən çox qazimizin bu protezlərlə təmin ediləcəyini deyib: “Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsulu, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər”.

 

İlk növbədə bildirim ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizminin təcəssümü olan təşəbbüs və layihələri müharibə əlillərini də əhatə edir. Məlum Aprel döyüşlərində yaralanmış hərbçilərimizin reabilitasiyası üçün Heydər Əliyev Fondunun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub. Bu layihə çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya və İngiltərənin müasir protez şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olundular.

Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə müharibə əlillərinin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin edilməsi məqsədilə son illər nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində də dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi yaradılıb. 

2020-ci ilin dekabr ayından qazilərimizin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır. Artıq 17 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 560 müharibə əlili 3 500 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.

Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb.  

Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanılıb. Bu sahədə dünyanın ən qabaqcıl texnologiyaya sahib şirkəti olan İslandiyanın “ÖSSUR” şirkəti ilə əməkdaşlıq həyata keçirilir və şirkətin Rusiya nümayəndəliyinin mütəxəssisləri də bununla bağlı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində oldular və öz təcrübələrini bölüşdülər. Artıq bir sıra qazilərdən yüksək texnologiyalı protezlərlə təmin olunmaları üçün ölçülər götürüldü. 
Burada bir məqamı mütləq vurğulamaq istərdim: Aşağı və yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edir. Yəni amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün qazinin müəyyən müddət hazırlıq mərhələsi keçməsi lazımdır. Hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir.
Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz əmin olsunlar ki, onların hər biri birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin olunacaq. Agentliyimiz tərəfindən bu istiqamətdə bütün işlər aparılır.

Onu da qeyd edim ki, postmüharibə dövründə əlavə olaraq 560 müharibə əlili 3 500 reabilitasiya vasitəsi ilə təmin edilib, paralel olaraq müharibədə yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb.

- Cavid müəllim, bir qədər öncə “Əlilliyin müəyyən olunması" meyarlarının yeni layihəsini qeyd etdiniz. Bu sahədə hansı yeniliklər olacaq?

- Həmin layihə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartları, bu sahədə mütərəqqi dünya təcrübəsi əsasında, 14 xəstəlik qrupu üzrə ixtisaslaşmış tibb müəssisələrinin həkim-ekspertləri, elmi işçiləri ilə intensiv məsləhətləşmələr aparılmaqla, onların rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb.

Nəzərdə tutulan yeni meyarlara əsasən əlillik üç dərəcə əsasında deyil, daha geniş diapazonda, yəni orqanizmin öz funksiyalarını itirməsinin faiz qiymətləndirməsi əsasında təyin olunacaq. Orqanizmin  funksiyalarının itirilməsinin nəticəsi kimi fəaliyyət qabiliyyətinin məhdudlaşması səviyyəsi müəyyən olunacaq. 

Əlilliyin qiymətləndirilməsi zamanı insanın yeddi əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq. Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır. Həmin meyarlar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya və əmək fəaliyyətinə davam etmək imkanlarını artıracaq.

İlhamə Əbülfət

FOTO: Ramil Yunus 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri