28 
Noy
2021
19:20
37
157
2090
Virtual karabakh

Qərb mətbuatından Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı TƏHLİL

“EU Reporter” nəşri yazır ki,  Yerevanla Bakı arasında ikitərəfli münasibətlərin normallaşması Ermənistanın ticarət əlaqələrinə çox müsbət təsir göstərəcək. Ticarət dövriyyəsi artacaq, Azərbaycan və Türkiyədən Ermənistana daha ucuz qiymətə məhsullar tədarük olunacaq, Ermənistanın ixrac məhsulları bahalaşacaq.

44 günlük müharibə bölgədə yeni geosiyasi mənzərə yaratmaqla yanaşı, regional inteqrasiya və iqtisadi inkişaf üçün də qapı açdı. Amma inteqrasiya istiqamətində addımlar atılsa da, bir çox maneələr qalmaqdadır. Bu maneələr sırasında Ermənistan müxalifəti və Qərbdəki erməni lobbi şəbəkəsi də var. Həmin qüvvələr anlamaq istəmir ki, bu inteqrasiya bütün Qafqaz regionuna ciddi iqtisadi faydalar vəd edir. Əlbəttə, əgər mövcud problemlər aradan qaldırılarsa.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Ermənistan iqtisadiyyatının inkişafını stimullaşdıracaq

Qərbin nüfuzlu nəşrləri sırasında olan “EU Reporter” yazır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri uzun illərdir ki, bağlıdır. Odur ki, bu illər ərzində regional əməkdaşlıq və iqtisadi inteqrasiya mümkün olmayıb: “İkinci Qarabağ müharibəsi isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin ötən il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatla başa çatıb. Demək, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açılıb. Söhbət regionda bütün nəqliyyat dəhlizlərinin açılmasından gedir. Sənədin 9-cü maddəsində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Bu o deməkdir ki, Azərbaycan Zəngəzur regionu vasitəsilə ölkənin qərb hissəsi ilə Naxçıvan arasında yol infrastrukturunu bərpa edəcək. Amma Zəngəzur dəhlizi strateji nöqteyi-nəzərdən tək Bakı deyil, regionun bütün ölkələri üçün böyük önəm daşıyır. Bu dəhliz nəticəsində bölgədə bütün avtomobil və dəmir yolları açılacaq. Əlbəttə, Zəngəzur dəhlizinin açılması konkret Bakı üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki bu, ona məxsus Naxçıvanın uzun illərdir davam edən blokadasına son qoyacaq. Yerevanın maraqlarına gəlincə, Ermənistan Azərbaycan vasitəsilə Rusiya ilə dəmir və avtomobil yolu əlaqəsi quracaq. Üstəlik, onun dəmir yolları şəbəkəsi İranın dəmir yolları ilə də birləşə bilər. Bütün bunlar Ermənistan iqtisadiyyatının inkişafını stimullaşdıracaq”.

“Berlin Economics: "Ermənistanın ticarət əlaqələrinə müsbət təsir göstərəcək”
 
Yeri gəlmişkən, məqalədə “Berlin Economics”in təhlilinə də  istinad olunur. Bildirilir ki, münaqişənin həlli və Yerevanla Bakı arasında ikitərəfli münasibətlərin normallaşması Ermənistanın ticarət əlaqələrinə çox müsbət təsir göstərəcək: “Məsələn, ticarət dövriyyəsi artacaq, Azərbaycan və Türkiyədən Ermənistana daha ucuz qiymətə məhsullar tədarük olunacaq, Ermənistanın ixrac məhsulları bahalaşacaq. Beləliklə, bu gün bir məsələ tam aydındır: kommunikasiya və nəqliyyat əlaqələrinin açılması iqtisadi inkişafa və inteqrasiyaya töhfə verəcək. Bu isə öz növbəsində, sülh prosesinə yardım göstərəcək. Demək, Zəngəzur dəhlizinin açılması ilə Ermənistanla Azərbaycan ikitərəfli münasibətlərdə yeni səhifə aça bilər. Çünki bu zaman hər iki tərəf regional iqtisadi inteqrasiyadan faydalanacaq. Amma postmünaqişə dönəmində erməni cəmiyyətində Zəngəzur dəhlizinin açılmasına qarşı olan qüvvələr var. Onlar nəqliyyat əlaqələrinin açılmasını siyasi məğlubiyyət kimi qəbul edir və revanşist fikirləri dəstəkləyirlər”.

Bakı dəhlizin tam fəaliyyət göstərməsini dəstəkləyir

Nəşr qeyd edir ki, Azərbaycana gəlincə, Bakı dəhlizin tam fəaliyyət göstərməsini dəstəkləyir. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik: “Bütün bunlar onu göstərir ki, 10 noyabr bəyanatı bütün tərəflərin strateji maraqlarına uyğundur. Bu arada, Azərbaycan artıq azad edilmiş ərazilərdə lazımi infrastrukturun bərpasına və yenidən qurulmasına başlayıb. Bu prosesdə Türkiyə, İtaliya və İsrail kimi müxtəlif ölkələrin şirkətləri fəal iştirak edir. Bakı Qarabağda “ağıllı şəhər”lər tikməyə çalışır. Üstəlik, o, bu ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadə etmək fikrindədir. Məqsəd regionun enerjiyə olan tələbatının bu yolla ödənilməsidir. Göründüyü kimi, Azərbaycan Qarabağda sürətli bərpa işləri aparır. Bununla o, regional iqtisadi inteqrasiya prosesinə öz töhfəsini verir. Bölgədə beynəlxalq hava limanlarının tikintisi bir neçə səbəbə görə Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu, Qarabağ regionunda yük və sərnişin daşımalarının miqyasını artıracaq. Məsələn, Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin bir hissəsi olacaq. Odur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvana, buradan isə Türkiyəyə yük daşımaları daha sərfəli olacaq. İkincisi, Qarabağ regionunun, xüsusilə Kəlbəcər, Laçın və Şuşanın çox böyük turizm potensialı var. Demək, bu hava limanları turizm sahəsinin inkişafına töhfə verəcək. Üstəlik, həmin hava limanları insanlara qeyd edilən rayonlara rahat və daha qısa zaman kəsiyində səfər etməyə imkan yaradacaq”.

İndi regional iqtisadi inteqrasiya dövrüdür

Nəşr vurğulayır ki, Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini uzun illər işğal altında saxlamasından, bu üzdən davam etmiş münaqişədən həm azərbaycanlılar, həm də ermənilər çox əziyyət çəkib: “Lakin iki xalq arasındakı qanlı müharibə artıq sona çatıb. İndi regional iqtisadi inteqrasiya dövrüdür. Məlum olduğu kimi, Avropa ölkələrinin inteqrasiyası məhz İkinci Dünya müharibəsinin başa çatmasından sonra iqtisadi layihələrin həyata keçirilməsi, ilk öncə polad və kömür sahəsində əməkdaşlıqla başlayıb. Bu əməkdaşlıq inteqrasiyada iştirak edən ölkələrin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətinə əsaslanırdı. Bu, Azərbaycan və Ermənistan əhalisini də gözləyir. Çin atalar sözündə deyildiyi kimi, “sülh və sabitlik min külçə qızıla bərabərdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri