Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Azərbaycanlı gəncin Çində körpələrlə təsirli videosu sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzinə düşüb.
Oxu.Az həmin videonun qəhrəmanı, Çin Xalq Respublikasında yaşayan həmvətənimiz İqrar Məmmədovla əlaqə yaradıb və ondan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:
- İqrar bəy, sizi necə tanıyaq?
- Ənənəvi başlayım - İqrar İlham oğlu Məmmədov. 14 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. Hazırda 29 yaşım var.
Əslim Göyçay rayonundandır. 2000-ci ildə atamın işi ilə əlaqədar Rusiyanın Orexovo-Zuyevo şəhərinə köçmüşük. 2001-ci ildə elə o şəhərdə məktəbə getmişəm. 2007-ci ildə isə Göyçaya qayıtmışıq və təhsilimi həmin rayonunun 3 nömrəli məktəbinin rus bölməsində davam etdirmişəm. 2012-ci ildə Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi mühəndisliyi fakültəsinə daxil olmuşam.
- Maraqlıdır, bəs niyə aviasiya sahəsində çalışmaq istəmədiniz?
- Əslində, dörd il Azərbaycan Hava Yollarında (AZAL) inspektor kimi çalışdım. Qrafikdə gecə növbələri vardı deyə səhhətimdə problemlər yaranırdı. Ona görə də işdən ayrılmaq qərarı verdim.
- Hərbi xidmətdə olmusunuz?
- Bəli, 2016-cı ildə akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Hərbi Hava Qüvvələrinin Zirə qəsəbəsindəki "N" saylı hərbi hissəsində, radiolokasiya stansiyasında operator vəzifəsində xidmət etmişəm.
- İqrar bəy, Çinə getməyiniz necə alındı?
- Hər şey 2019-cu ildə həyat yoldaşımın (həmin ərəfədə yeni tanış olmuşduq) Çinin Nankin şəhərində yerləşən universitetə daxil olması ilə başladı.
O, magistratura səviyyəsində oxumaq üçün pulsuz təhsil, təqaüd və kampusda pulsuz yataq otağı olmaqla tam paket qazanmışdı. Lakin həmin vaxt COVID-19 virusunun dünyada sürətlə yayılması səbəbindən Çin yolları bağladığı üçün yoldaşım gedə bilmədi və təhsilini qiyabi şəkildə davam etdirməli oldu.
2023-cü ildə Çin Hava Yollarına qoyulan qadağanı aradan qaldıranda isə yoldaşıma universitetdən xəbər verdilər ki, gəlib təhsilini əyani davam etdirə bilər.
Həmin ərəfədə bizim nişanımızın tarixi təyin olunmuşdu. Necə deyərlər, qismətdən, hər şey üst-üstə gəldi və Çinə viza üçün lazım olan sənədləri hazırlamaqla yanaşı, nişan-toy işlərini də həll etməli olduq.
Düşünürəm ki, bizim üçün çətin, stresli və ən yaddaqalan ərəfələrdən biri idi o dövr. 2023-cü ilin may ayında nikahımız oldu və həmin ayda da vizamızı aldıq. Təsəvvür edin, iyun ayının 18-i toyumuz oldu, 21-də isə Çinə yola düşdük.
- Gələk əsas məsələyə. Sosial şəbəkədə paylaşdığınız, uşaqların sizdən ayrılmaq istəmədiklərini göstərən o video ilə bağlı nə deyə bilərsiniz?
- Həmin videonu işlədiyim bağçadakı assistentim çəkmişdi, yadigar olaraq. Mənim üçün çox duyğulu bir xatirədir. Uşaqlarla çox yaxın münasibətim vardı, onlara böyük qardaş kimi yanaşmağa çalışırdım. Düzünü desəm, onlardan ayrılmaq mənə də asan olmadı. Uşaqların göz yaşları, məni buraxmaq istəməmələri də bu yaxınlığın qarşılıqlı olduğunu göstərirdi.
- Uşaqlara nə dərsi keçirdiniz?
- Mən bağça uşaqlarına ingilis dilini onların anlayacağı formada tədris edirdim. Onlara sadə ifadələri, rəngləri, formaları, rəqəmləri və ünsiyyət üçün əsas sözləri öyrətməyə çalışırdım. Çoxlu mahnılar oxuyur, oyunlar oynayırdıq. Məqsədim təkcə dil öyrətmək deyil, həm də uşaqlarda öyrənməyə müsbət münasibət yaratmaq, yeni dil öyrənməklə bağlı qorxularını aradan qaldırmaq və gələcəkdə dil öyrənməyə həvəsləndirmək idi. Onların hər dərsi maraqla gözləmələri üçün mahnılar, oyunlar, hekayələr və sadə səhnəciklər daxil olmaqla yaradıcı yanaşmadan istifadə edirdim.
- Bəs niyə müəllim işindən ayrılıb logistika ilə məşğul olmağa qərar verdiniz?
- Bağça ilə müqaviləm birillik idi və uzatmağı düşünmürdüm, açığı. Səbəb isə o idi ki, özümü logistika sahəsində sınamaq istəyirdim və artıq bu sahədə bir neçə təklif də almışdım. Əslində, belə bir qərar vermək mənim üçün həqiqətən, çox çətin oldu. Uşaqlarla çox yaxın idim, onlarla hər gün vaxt keçirmək, onların inkişafını görmək mənə böyük sevinc bəxş edirdi. Onlardan ayrılmaq asan olmadı, çünki hər biri ilə çox dərin bir bağ qurmuşdum. Buna baxmayaraq, yeni imkanları dəyərləndirmək, özümü yeni bir sahədə sınamaq arzusu məni bu addımı atmağa sövq etdi.
- Maraqlıdır, bəs bu qısa müddətdə Çin dilini necə öyrəndiniz?
- Çin dilini hələ də öyrənirəm. İlk aylarda gündəlik ünsiyyət üçün lazım olan əsas bilikləri mənimsəmişdim. Bu dili tam şəkildə öyrənmək isə vaxt tələb edir. Buna görə də öyrənməyə davam edirəm.
- İqrar bəy, Çində işləmək üçün ilk növbədə nə tələb olunur?
- Çində işləmək üçün ilk növbədə iş vizası tələb olunur. Bunun üçün işəgötürənin sizi işə götürmək üçün lazımi sənədləri hazırlaması və viza prosesi üçün müraciət etməsi vacibdir. İngilis dili biliklərinizin olması və sahənizdə müəyyən təcrübənizin olması da müsbət amildir. Bu amil həm iş tapmaq, həm də Çin mədəniyyətinə uyğunlaşmaq üçün sizə kömək edəcək. Qeyd edim ki, Çin heç bir halda xaricilərə vətəndaşlıq vermir.
- Sirr deyilsə, valideynləriniz nə işlə məşğuldurlar?
- Atam aşpazdır, anam isə evdar xanım.
- Çinə gəlmək istəyənlərə İqrar bəyin üç əsas tövsiyəsi nə ola bilər?
- Birincisi - dil öyrənmək lazımdır. Ən azından, əsas ifadələri öyrənmək gündəlik həyatınızı asanlaşdıracaq, çünki burada ingiliscə danışanlar çox azdır.
İkinci əsas məsələ - Çin mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır. Bu mədəniyyət qədim və özünəməxsus olduğu üçün yerli adət-ənənələri öyrənmək və hörmət etmək hər kəs üçün faydalıdır.
Nəhayət, üçüncü tövsiyəm - yemək mədəniyyətinə açıq olmaqdır. Çində yeməklər fərqlidir, amma yerli mətbəxi dadmaq ölkəni daha yaxşı anlamağa kömək edir.
- Bəs Çində nə qədər qalmağı düşünürsünüz?
- Mümkün qədər uzun müddət qalmağı düşünürəm, çünki həyatım, ailəm buradadır. Hətta ailəmizə bir üçaylıq it də qoşulub - adı da Benjamin. (gülür)
Lakin fürsət tapdıqca Azərbaycana gedərək valideynlərimi, qohumlarımı və dostlarımı ziyarət etməyə çalışıram.
- Vətəndə ən çox nə üçün və ya kim üçün darıxırsınız?
- Ən çox anam, atam, qardaşlarım və onların gülüşü üçün darıxıram. Sonra dostlarla paylaşılan sadə məclislər, tanış küçələrin səs-küyü, uşaqlıqdan bəri xatırladığım o doğma mənzərələr üçün darıxıram. Azərbaycan mənim üçün başqa ölkə deyil axı - vətənimdir. Uşaqlıq xatirələrim, keçmişim, köklərim - hər şeyim oradadır. Nə qədər uzaqda olsam da, həmin duyğular məni hər zaman vətənə yaxın hiss etdirir.
- İqrar bəy, sonda bir sual da verim - Çində heç alışa bilmədiyiniz və qəbul etmədiyiniz şey nədir?
- Əzizə xanım, Çində hər şeyə alışmaq mümkündür, bircə səhər obaşdan parklarda qrup şəklində edilən idman hərəkətlərindən başqa. (gülür) Hər görəndə təəccüblənirəm. Səhərin gözü açılmamış parklarda rəqs edən yaşlıları görmək insanı çaşdırır. Belə deyim, sizə daha aydın olsun - Azərbaycanda səhərlər çayla başladığı kimi, burada da rəqslə başlayır. Düşünürəm ki, mənim buna alışmağıma hələ çox var. (gülür)
Əzizə İsmayılova
Rəylər