Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Qalatasaray" - "Fənərbağça" derbisi, yoxsa sıradan görüş?
Anar Həsənov yazır....
İstər Azərbaycanda, istərsə də Türkiyədə böyük maraqla gözlənilən İstanbul derbisi ("Qalatasaray" - "Fənərbağça") azarkeşlərə baxımlı futbol oyunu vədi versə də gözlənilənin tam əksi oldu. Meydanda futbol adına nədənsə bəhs etmək ədalətli olmaz. Oyun öncəsi və sonrası mətbuat konfranslarında baş məşqçilərin, klub rəhbərlərinin qıcıqlandırıcı açıqlamaları futbol siyasətindən çox uzaqdır.
Dünyaca məşhur baş məşqçi Joze Mourinyonun rəqib komandanın futbolçularını meymuna bənzətməsi, Okan Burukun isə "Fənərbağça" futbolçuları ağlayırlar" deməsi artıq futbolun çirkin hala salındığını göstərən faktorlardandır. Hər iki klubun rəsmiləri mətbuat konfranslarında və digər müsahibələrində elə davranışlar sərgilədilər ki, meydanda baş verən hadisələr kölgədə qaldı.
Əcnəbi hakimlərin rolu, xüsusilə Slavko Vinçiçin idarəçiliyi əslində Türkiyə futbolunun reallığını əks etdirdi. Derbi dedikdə ağlagələn ilk şey qol epizodlarının bol olacağı ilə bağlı fikirlərdir. İstanbul derbisində isə demək olar ki, qapılar qarşısında "Fənərbağça"nın qolu xaric, heç bir təhlükəli epizod yaranmadı. Bəli, bəzi epizodlarda təhlükə hiss edilirdi, amma nəticədə hakim mərkəz xətti göstərmədi və qarşılaşma qolsuz bərabərliklə başa çatdı.
Bu hadisələr yavaş-yavaş Azərbaycan futboluna da təsirini göstərməyə başlayıb. Söhbətin nədən getdiyini bilməyənlər üçün xatırlatma edim ki, daha öncə "Şamaxı" - "Turan Tovuz" matçı qar səbəbindən canlı yayımlanmadı və VAR-dan istifadə edilmədi. "Turan Tovuz" rəsmiləri bəyanat yayaraq canlı yayım olmadan görüşün keçirilməsinin ədalətli olmayacağını və təxirə salınmasını tələb etdiklərini bildirdilər. AFFA rəhbərliyinin isə bu hadisəyə cavabı gecikmədi. Qurum "Turan Tovuz" klubundan hakim idarəçiliyi ilə bağlı hansısa bir narazılığın səbəbli olmasına fakt göstərilməyəcəyi təqdirdə komandanın cəzalandırılacağını bildirdi və sözünü tutdu.
Nəticədə "Turan Tovuz" klubu 20 min manat dəyərində cərimələndi. Buna gərək var idimi? Bəli, var idi! Çünki bu günə kimi Azərbaycan futbolu VAR olmadan keçirilirdi. Şamaxı şəhər stadionunda qarşılaşmanı yerindən izləyən idman camiəsinin üzvləri də hakim qərarlarının doğru olduğunu və qarşılaşmanın idman prinsiplərinə uyğun keçirildiyini bildirdilər. Bu da Türkiyə futbolunun Azərbaycan futboluna olan təsiri...
Milyonluq oyunçulara sahib olan klubların meydanda nümayiş etdirdiyi futbolun səviyyəsi azarkeşləri qane etdimi? Bu sualın cavabı asandır. Əlbəttə ki, xeyir!
Viktor Osimhen, Duşan Tadiç, Yousef Ən Nəsiri və s. kimi Avropa nəhənglərində çıxış etmiş futbolçular meydanda mübarizə apardılar, amma qol səsi gəlmədi. Cərimə epizodlarının hər birində hakim müdaxiləsi geciksə də, hər biri dəqiq və doğru qərarlar idi.
Bu estafet "Trabzonspor" klubuna təhvil verildi. Belə ki, "qara dənizlilər" "Qalatasaray" və "Fənərbağça" ilə keçirəcəkləri görüşləri Slavko Vinçiçin idarə etməsini tələb edirlər. Buna haqları varmı? Var! Digər klublar bunu tələb etmə haqqına sahibdirsə, "Trabzonspor" da haqqını tələb edir. Amma, bu, türkiyəli hakimlər üçün utancverici durumdur. Bu fakt bir daha Türkiyə klublarının hakimlərinə inanmadığını və güvənmədiyini göstərir. Bəli, bu durum bizim ölkəmizdə də var, amma bu səviyyədə deyil. İstər "Neftçi" - "Qarabağ" matçında, istərsə də digər önəmli qarşılaşmalarda elə də ciddi hakim səhvlərini müşahidə etməmişik. Deyək ki, etdik... Yenə də "əcnəbi hakimlər gətirilsin" çağırışına rast gəlinməyib. Bəzən, hadisələr necə cərəyan edirsə-etsin ənənələrə sadiq qalmaq və onları sahib çıxmaq lazımdır. Yerli hakimlər isə ölkənin adını başqa ölkələrdə hallandırırlar. Belə nüanslarda onların adına xələl gətirmək isə həqiqətən də utancverici olar. Əliyar Ağayev kimi FIFA referisini kənara qoyub, Slavko Vinçiçləri görüş idarə etməsi üçün Azərbaycana dəvət etmək, hakimimizə qarşı açıq-aşkar hörmətsizlik olardı. Türklər isə bəllidir ki, bu nüansa əhəmiyyət vermədilər. Ümumi olaraq bu derbidən çıxarılacaq dərs isə bəllidir. "Qalatasaray" - "Fənərbağça" derbisi Aleks De Souza və Droqbanın çıxış etdiyi mövsümlərdə qaldı. İndiki qarşılaşmaların isə adı var, özü yoxdur, sadəcə formal xarakter daşıyır.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Əcnəbi hakimlərin derbi qazancı bəlli oldu
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- Viktor Osimhen iki həftə yaşıl meydanlardan uzaq qala bilər
- "Trabzonspor"dan "Qalatasaray" və "Fənərbağça" ilə matçlar üçün əcnəbi hakim TƏLƏBİ
- Acun Ilıcalı: "Qalatasaray" rəsmiləri ağlamağa başladılar"