Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Qobu Park 3”də su “dava”sı: Vətəndaşın iradına cavabdeh qurumdan “birbaşa müraciət” tövsiyəsi
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksində içməli suyun verilməsində problemlər var.
Bu barədə Oxu.Az-a orada yaşayan sakinlərdən biri, Taleh Məmmədli bildirib.
O qeyd edib ki, davamlı olaraq kompleksdə su problemi yaşanır:
“Bir həftə əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən su ilə bağlı problemin həll olunduğu və suyun verilişinin daimi olacağı bildirilsə də, bu gün su yenidən kəsilib. ASC əməkdaşları su xəttində qəza baş verdiyini deyiblər. Suyun verilişinin neçə gün ərzində bərpa ediləcəyi bilinmir.
Qurumun nə qaynar xəttinə düşmək, nə də onlayn məktub yazmaq olur. Evdə körpə var. Hər gün suyu kəsib, axşam vermək olar? İki ilə yaxındır buraya köçsək də, su problemi həll olunmur”.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşla əlaqə saxlanılıb:
“Vətəndaş şikayətini birbaşa “Azərsu” ASC-nin qaynar xəttinə deyil, sizin sayta bildirib. Şikayətlə bağlı ASC-nin Qaradağ Sukanal İdarəsinə məlumat verilib. Səbəblər araşdırılacaq və tədbir görüləcək”.
O qeyd edib ki, vətəndaşlar bu cür problemlərlə bağlı ASC-yə müraciət etməlidirlər.
İlhamə Əbülfət
Rəylər