Azərbaycan Cüdo Federasiyası 15 cüdoçunun Göygöldə zəhərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.
Oxu.Az həmin məlumatı diqqətə çatdırır:
“20 apreldən etibarən Göygöl Olimpiya İdman Kompleksində Azərbaycanın müxtəlif regionlarından olan 15-ə yaşa qədər yeniyetmə cüdoçuların təlim-məşq prosesi təşkil edilmişdir. 30 aprelə qədər davam edəcək təlim-məşq toplanışında məqsəd 6-8 may tarixlərində keçiriləcək 15-ə yaşa qədər yeniyetmələrin Azərbaycan birinciliyinə regiondan olan cüdoçuları yüksək səviyyədə hazırlamaq və onların Bakı və Sumqayıtdan olan həmyaşıdları ilə rəqabət səviyyələrini yüksəltməkdir.
Təlim-məşq toplanışı təşkil edilərkən Azərbaycan Cüdo Federasiyası tərəfindən Göygöl Olimpiya İdman Kompleksinin seçilməsi təsadüfi deyil. İndiyə qədər Azərbaycan Cüdo Federasiyası adıçəkilən idman kompleksində dəfələrlə müxtəlif yaş qrupları üçün təlim-məşq toplanışları və yarışlar təşkil edib və göstərilən xidmət həmişə yüksək səviyyədə olub.
Təlim-məşq prosesi zamanı bəzi idmançılar özlərini pis hiss etdiklərindən onlar müayinə üçün Göygöl rayon xəstəxanasına aparılıblar və onlara ilkin tibbi yardım göstərildikdən və hərtərəfli müayinə göstərildikdən sonra idmançılar yenidən Göygöl Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib.
Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirilər.
Eyni zamanda qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir.
İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Cüdo Federasiyasının ən ümdə vəzifələrindəndir və biz bu məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar olaraq, məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün federasiya dövlət orqanları ilə əməkdaşlıq edir.
Sözügedən məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda ictimaiyyəti məlumatlandıracağıq”.
10:20
“Göygöl Rayon Prokurorluğunun bu gün yaydığı məlumatı araşdırmışam. Orada heç bir problem yoxdur. Cüdoçular qaçıb, soyuq su içiblər, özlərini pis hiss ediblər. Təcili yardım maşını gəlib onları aparıb. Yarım saata-bir saata qayıdıblar. Hazırda həmin cüdoçular məşqlərini davam etdirirlər”.
Bunu Oxu.Az-a Göygöl Olimpiya İdman Kompleksinin direktoru, cüdo millimizin məşqçisi Mövlud Mirəliyev deyib.
Göygöl Rayon Prokurorluğu bu gün məlumat yayaraq Göygöl Olimpiya İdman Kompleksində 15 gənc cüdoçunun zəhərlənməsi barədə məlumat yayıb. Lakin olimpiya və dünya mükafatçısı olmuş Mövlud Mirəliyev yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
“Orada yeməklə bağlı heç bir zəhərlənmə olmayıb. Prokurorluq niyəsə belə yayıb. Bura dağ yeridir, qaçıb tərləyiblər. Yağlı yemək yeyib, su içiblər. Prokurorluq gəlib idmançılardan nümunələr götürüb.
Bir də Prokurorluğun yaydığı kimi idmançıların sayı 15 olmayıb, 12-13 olub. Onlar təxmini yazıb. Prokurorluq niyə belə yayıb, başa düşmürəm. Zəhərlənən idmançılar uzağı bir saata bazaya qayıtmazdılar. Dediyim kimi, həmin idmançılar bu gündən etibarən məşqlərə başlayıb.
Bir də bu cüdoçular gənclər deyil, yeniyetmələrdir. Onlar mayda keçiriləcək Respublika birinciliyinə hazırlaşmaq məqsədilə Göygöldə təlim-məşq toplanışındadırlar”.
![](https://img.youtube.com/vi/WoFGaomVOEg/sddefault.jpg)
Federasiyadan 15 idmançının yağlı yemək və soyuq sudan xəstəxanalıq olmasına REAKSİYA - YENİLƏNİB + VİDEO
10:08
Göygöl Rayon Olimpiya İdman Kompleksində 15 idmançının xəstəxanalıq olması səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bununla bağlı AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
09:35
Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 şəxsin dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.
Göygöl Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
İlhamə Əbülfət, Səbuhi Musa
Rəylər