Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeddi yaşlı qız dəfələrlə şiddətə məruz qalıb - YENİLƏNİB + AÇIQLAMA + FOTO
Abşeron-Xızı Regional Təhsil İdarəsi rayonda yeddi yaşlı məktəblinin şiddətə məruz qalması barədə açıqlama verib.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon Aşağı Güzdək tam orta məktəbinin birinci sinif şagirdi İ.İ. 27.02.2023-cü il tarixində səhər saatlarında məktəbə gələrkən üzündə və boynunda müəyyən xəsarət izləri müşahidə edilib:
“Məktəb rəhbərliyi şagirdin valideyni ilə müvafiq söhbətlər aparıb, valideyn təzyiqinə baxmayaraq, dərhal hüquq-mühafizə orqanlarına, müvafiq qurumlara məlumat verilib. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.
11:36
Abşeron rayonunda yeddi yaşlı qız şiddətə məruz qalıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, İ.İ. dəfələrlə fiziki zorakılığa məruz qalıb.
Qeyd edilib ki, uşağın erkən yaşında anası vəfat edib. Qadının iki azyaşlı övladı qalıb. Ata ikinci dəfə ailə qurub.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsində artıq təhqiqat araşdırmalarına başlanılıb:
“Tərəflərin hər biri bölməyə dəvət edilib. Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, azyaşlının döyülməsi faktı ilə bağlı məsələ nəzarətə götürülüb:
“Bu barədə müvafiq qurumlara məlumat verilib. Azyaşlının döyülməsi ilə bağlı polis əməkdaşları araşdırma aparırlar. Ekspertizanın rəyinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
İlhamə Əbülfət
Rəylər