“Natəvan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib”.
Bunu müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşən və reanimasiyaya yerləşdirilən tanınmış aparıcı Natəvan Babayevanın bacısı “Yeniçag”a açıqlamasında bildirib.
O, müayinələrin davam etdiyini deyib:
“Natəvan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Bacım onkoloji xəstəliklə mübarizə aparır. Süd vəzisində başlanan xəstəlik artıq ağırlaşıb, digər orqanlara yayılıb.
Hələ dəqiq proqnoz verilmir. Türkiyəyə gedəcəyimizlə bağlı bir söz deyə bilmərəm. Çünki müayinə, məsləhətləşmə olacaq. Bundan sonra dəqiq bir söz deyə bilərik”.
16:01
“Natəvan Babayevanın vəziyyəti yaxşıdır".
Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, onun müayinələri davam etdirilir:
“Əhvalı yaxşıdır, özünü yaxşı hiss etdiyini deyir. Həkimlərimizin nəzarətindədir. O bu günə qədər müalicəsini Türkiyədə aparıb. Növbəti mərhələdə də müalicə pasiyentin öz seçiminə müvafiq qaydada davam etdiriləcək. Bu dəqiqə üçün vəziyyəti stabildir”.
Qeyd edək ki, məşhur jurnalist, teleaparıcı Natəvan Babayeva uzun müddətdir ki, süd vəzinin xərçəngindən müalicə olunur.
13:32
“Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir”.
Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın məşhur teleaparıcı Natəvan Babayevanın durumu ilə əlaqədar sorğusuna cavab olaraq deyib.
O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:
“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.
13:14
Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist, teleaparıcı Natəvan Babayeva normal palataya köçürülüb. Huşu özündə olan jurnalist başqa tibb müəssisələrindən birinə göndərilib.
Bu barədə Oxu.Az-a “Liv Bona Dea” hospitalından məlumat verilib.
Bildirilib ki, həkim heyəti tərəfindən onun vəziyyəti stabilləşdirilib:
“O, ailəsinin dəstəyi ilə uzun illərdir müalicə aldığı onkoloji xəstəliklə əlaqədar zəruri tibb müəssisəsinə yerləşdirilib. Natəvan Babayeva bizim hospitaldan çıxarılarkən özünü yaxşı hiss edirdi. Ona Allahdan şəfa diləyirik”.
09:58
Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva dünən günün ikinci yarısında “Liv Bona Dea Hospital” xəstəxanasına yerləşdirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, jurnalist hazırda reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır.
İlkin məlumata görə, 24 saat həkim nəzarətində saxlanıldıqdan sonra həkim məsləhəti ilə normal palataya köçürüləcəyi barədə qərar veriləcək. Normal palataya köçürüldükdən sonra onun vəziyyətinin hansı səbəbdən ağırlaşması barədə həkimlər tərəfindən yekun rəy veriləcək.
Qeyd edək ki, tanınmış jurnalist Natəvan Babayeva uzun müddətdir ki, onkoloji xəstəlikdən müalicə olunurdu.
Könül Cəfərli
Rəylər