Fev
2024
12:10
12
93
1806
Virtual karabakh

Sürətlə inkişaf edən süni intellekt: Elmin uğuru, yoxsa kodlaşdırılmış insan qatili? - AÇIQLAMA + FOTO

6 Fev, 2024
12:10
1806

Sürətlə inkişaf edən süni intellekt: Elmin uğuru, yoxsa kodlaşdırılmış insan qatili? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süni intellekt bir çox sahələrdə sürətlə inkişaf edir. Bu isə gələcəkdə bir çox ixtisasların, peşələrin sıradan çıxması deməkdir. Bəzi ekspertlər bununla bağlı perspektivli ixtisaslara yönəlməyin daha məqsədəuyğun olduğunu tövsiyə edirlər.

Gələcəyin ixtisasları, perspektivli peşələr hansılar olacaq? Gənclərin bu gündən hansı ixtisaslar üzrə təkmilləşməsi daha yaxşıdır? Yaxın gələcəkdə süni intellektin inkişafı hansı peşələrin tamamilə sıradan çıxmasına gətirib çıxaracaq?

Satış şəbəkələrində robotlar xidmət edəcək

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib ki, süni intellektin inkişafından qorxmaq lazım deyil:

“Dediyiniz kimi, süni intellekt robot texnikasının sürətli inkişafına gətirib çıxaracaq. Bu da öz növbəsində bir çox sahədə insan amilini azaldacaq. Satış şəbəkələrində robotlar xidmət edəcək. Bəzi insanlar bu məqamdan narahat olmağa başlayırlar və öz iş yerlərini itirəcəklərini düşünürlər. Amma bir dövr var idi - kombaynlar, traktorlar yarananda əhali qorxmuşdu ki, torpağı traktor şumlayıb, taxılı kombayn yığacaqsa, kənd sakinləri nə edəcəklər? Zamanla insanlara izah olundu ki, kombaynlar, traktorlar onları ağır fiziki yükdən azad edir, insanların daha çox intellektual sahələrdə çalışmasına şərait yaranır. Ola bilər ki, bu gün ənənəvi istehsal sahələri, ixtisaslar, iş yerləri ixtisara düşəcək. Amma insanların özünün yüksək səviyyədə xidmət sahələrinə ehtiyac var.

Əslində, bu gün ölkədə minlərlə yüksəkixtisaslı sosial işçiyə ehtiyac var. Onlar cəmiyyətdəki sosial işləri, problemləri araşdırıb, həyatı daha da gözəlləşdirmək üçün təbii intellektdən istifadə etməklə həll yolları axtara bilərlər”.

Özümüz bu sahədə çalışıb dünya üçün ixtiralar edə bilərik

Əhməd Qəşəmoğlunun fikrincə, gərək gənclər elə ixtisaslara yönəlsinlər ki, digər ölkələrdən geri qalmayaq:

“Biz özümüz də süni intellekt inkişaf etdikcə avtomatlaşdırma sistemlərini müasirləşdirməliyik. Elə ixtiralar etməliyik ki, dünya ölkələrindən geri qalmayaq. Əksinə, onlar bizim ixtiralarımızdan istifadə etsinlər. Eləcə də, süni intellektin özünün problemləri ilə məşğul olan elm sahələrinə, bu sahədə təhsil verən elmi işçilərə ehtiyacımız var. Təhsilin səviyyəsi maksimum yüksək dərəcədə olmalıdır. Bu, gələcəkdə istənilən sahədə elmi bazaların yaradılması üçün önəmlidir. İnformasiya texnologiyaları sahəsində mütəxəssislər mütləq olmalıdır.

Çin, ABŞ, Yaponiya, İsrailin bəzi ixtiraları, texnikaları var ki, özümüz onları almaqda maraqlı olmalıyıq. Biz yeni-yeni başlamışıq hərbi texnika istehsalına. Yəni elə vacib sahələr var ki, özümüzün yerli mütəxəssislərimizin olmasına çalışmalıyıq”.

Gücümüz çatan yerdə süstlük yaramaz

Sosioloq onu da qeyd edib ki, düzdür, bəzi sahələrdə istehsal gücümüz olmasa da, gücümüz çatdığı sahələrdə də passivlik müşahidə edilir:

“Biz bu gün “Mercedes” səviyyəsində avtomobil, hər hansı güclü raket sistemi istehsal edə bilmirik. Bəs şirniyyat, qida məhsulları da istehsal edə bilmirik? Hansı mağazaya baxırıq, İran konfeti, yağı, Türkiyə şirniyyatı və s. yerli bazarı tutub. Biz yerli bazarda məhsul istehsalı üçün mütəxəssislər yetişdirməliyik. Kənd təsərrüfatını inkişaf etdirmək, aqrar sektorun imkanlarından daha yüksək səviyyədə yararlanmaq üçün peşəkar kadrlara ciddi ehtiyac var.

Eləcə də yüksəksəviyyəli tarixçi, ədəbiyyatçı, humanitar sahələr üzrə mütəxəssislərə ehtiyac duyulur. Amma bütün bunlar planlı olmalıdır”.

“Mütəxəssis” sayı çox, keyfiyyət az

“Bəzən görürsən ki, bəzi universitetlər eyni sahə üzrə çox, amma keyfiyyətsiz mütəxəssis hazırlayırlar. Nəticədə isə onlar heç kimə lazım olmurlar. Xidmət sahələrinin yüksək səviyyədə qurulmasına böyük ehtiyac var. Zəruri olan sosial işçilərdir, lakin universitetlər buna laqeyd yanaşırlar. Birdəfəyə 100 tələbə qəbul edirlər, amma özlərində bir nəfər lazımi müəllim, dərs vəsaiti yoxdur. Bizə qondarma mütəxəssis, qondarma diplom lazım deyil. Ölkənin inkişafı üçün bir çox sahədə peşəkar mütəxəssislər lazımdır ki, iqtisadiyyatımızı da yüksək səviyyədə inkişaf etdirsinlər. Bunun üçün təhsil sistemində çox ciddi dəyişikliklər olmalıdır və bu, dövlət tərəfindən planlı şəkildə həyata keçirilməlidir”.

İqtisadçı ekspert Fərid Mehralızadə isə bildirib ki, süni intellektin inkişafı sürətlənib və qarşıdakı illərdə bu, hər kəsin həyatına daha çox təsir edəcək:

“Bu həm də yeni bir fenomendir. İndiki halda bu istiqamətdə deyilən fikirlərin əksəriyyəti subyektivdir. Çünki müxtəlif filosoflar, iqtisadçılar bu mövzunu müzakirə edirlər, amma praktikada bunun tam nəticələrini hələ görməmişik. Amma düşünürəm ki, süni intellektin inkişafı həyatımızda bütün peşələrə təsir edəcək. Məncə, daha çox mühasiblərin işinə müdaxilə edəcək. Belə ki, bu gün sırf insanların iştirakı ilə görülən bəzi işləri gələcəkdə kodlaşdırma ilə reallaşdırmaq mümkün olacaq. Məsələn, tərcüməçilik, yazı və hesabatlara dair işlər və s.

Hüquq, siyasət, mühəndislik, incəsənət sahəsində və s. peşələr süni intellektdən daha az təsirlənəcək. Gələcəkdə robotların inkişafını nəzərə alsaq, əl əməyi tələb edən müəyyən peşələrə də təsir gücü ola bilər. Ona görə də hökumətlər, inkişaf etməkdə olan və əmək bazarında ciddi problem yaşanan ölkələr bu hala indidən hazırlaşmalıdırlar. Hazırlıq isə düşünürəm ki, tədqiqatların aparılmasıdır. Araşdırmalara daha çox resurs, vəsait ayrılmalıdır. Əmək bazarı ilə bağlı ixtisaslı kadrların hazırlanmasına üstünlük verilməlidir. Gələcəkdə nəyin necə olacağına dair konkret fikir bildirmək çətindir”.

Süni intellektin iqtisadiyyata təsiri ölkənin hazırlıq səviyyəsindən asılı olacaq

Ekspertin sözlərinə görə, süni intellektin ölkə iqtisadiyyatına mənfi və müsbət təsirləri olacaq:

“Əgər ölkəmizdə keçid dövründə süni intellektlə ayaqlaşa biləcək kadrlarımız olsa, təbii ki, bazarda yaxşı nəticələrə sahib ola bilərik. Ölkəyə investisiya cəlb edə, eləcə də formasını dəyişən iqtisadi münasibətlərə daha tez uyğunlaşa bilərik. Bunu bacarsaq, ön sıralarda olacağıq və keçid dövründə iqtisadi səmərə ola bilər. Yox, əgər kadr baxımından, yanaşma baxımından keçid dövründə yetərsiz qalsaq, inkişafda geriləyəcəyik. Digər ölkələr isə irəli gedəcəklər. Bu səbəbdən hökumətlər bu istiqamətdə indidən müəyyən addımları düşünməlidirlər.

Ümumilikdə isə süni intellektin sürətli inkişafı insanların həyatını istənilən halda rahatlaşdıracaq. Daha çox zaman aparan işləri qısa vaxt çərçivəsində həll edə biləcəyik. Amma ölkələr yeni əmək bazarında olan dəyişikliklərə adekvat reaksiya verə bilməsələr, kəskin işsizlik problemi də müşahidə edilə bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri