Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Strateji maraqların tarazlaşdırdığı faktorlar: Çinlə Azərbaycanı birləşdirən məqsəd
Prezident İlham Əliyev və Si Cinpinin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycan-Çin strateji tərəfdaşlığının əhəmiyyətindən və bu tərəfdaşlığın yüksək səviyyəyə çatmasında iki ölkə liderlərinin şəxsi münasibətlərinin rolundan xəbər verir.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini son dərəcə vacib və tarixi məqam adlandırmışdı. Çin Xalq Respublikasının sədri Si Cinpin isə bu məqamın yeni bir başlanğıc nöqtəsi olduğunu vurğulayaraq iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəklərini bildirmişdi.
Bu xüsusda qeyd etmək yerinə düşər ki, 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib və Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb. Çindən Azərbaycana 930,8 milyon dollar, Azərbaycandan Çinə isə 263,3 milyon dollar həcmində investisiya qoyulub.
Azərbaycan Pekinin irəli sürdüyü "Bir kəmər - bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir və layihənin mühüm hissəsi olan Orta Dəhliz infrastrukturunun inkişafına ciddi investisiyalar yatırıb. Eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin doqquz ayı ərzində bu marşrut üzərindən yükdaşımaların həcmi 88 faiz artıb. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yükdaşımalarının müddəti bir aydan 12 günə qədər azalıb. Bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması cəmi 18 günə başa gəlir.
Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin VI çağırış deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycan və Çin münasibətləri yeni mərhələyə daxil olub:
"Azərbaycan və Çin münasibətləri qarşılıqlı hörmət və yaxın dostluq prinsiplərinə əsaslanır. Tərəflər arasında ictimai-siyasi münasibətlərin təməli ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri zamanı qoyulub. Sonrakı illərdə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə dayanıqlı münasibətləri daha da möhkəmləndirib. Prezident İlham Əliyevin Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələrin daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. BMT-nin beş daimi üzvündən biri kimi, Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Tarixi Zəfərdən sonra da Pekin Azərbaycanın azad edilən ərazilərində quruculuğa töhfə vermək niyyətindədir".
"Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə "vahid Çin" siyasətini dəstəkləyib. Bu, iki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün güclü zəmin yaradılmasında mühüm rol oynayıb.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamikası da son illərdə artmaqdadır. Çin Azərbaycanın ilk beşlikdə dayanan əsas ticarət partnyorlarından biridir və hazırda ticarət həcmlərinin mübadiləsinə görə dördüncü yerdə qərarlaşır. Azərbaycanın idxal balansında isə üçüncü yeri tutur. 2023-cü ildə isə ölkələr arasında ticari dövriyyə 3,1 milyard dollar təşkil etməklə rekord həddə çatıb. Ümumilikdə, iki ölkə arasında son doqquz ildə mal mübadiləsi altı dəfə yüksəlib. Yaradılan əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstərib. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər. "Bir kəmər - bir yol" nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri kimi, Azərbaycan Çinlə bu tranzitin inkişafına dair Anlaşma Memorandumu imzalayıb və sonrakı dövrlərdə ölkəmiz bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb.
Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "İpək Yolu İqtisadi Kəməri"nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur", - deyə müsahibimiz vurğulayıb.
A.Hüseynov iyulun 3-də Astanada imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"ni mühüm siyasi hadisə kimi qiymətləndirib:
"Bəyannamə Azərbaycan-Çin münasibətlərinin iqtisadi, siyasi, humanitar, ictimai, mədəni, elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığına dərin yol açır".
Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov da Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu deyib:
"2023-cü ildə Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi üç milyard dollardan çox olub və biz praktiki olaraq, bir tərəfdən, iqtisadi-ticari əlaqələrin dərinləşməsini, digər tərəfdən isə strateji münasibətlərin inkişafını müşahidə edirik. Təbii ki, iki ölkə arasında strateji əlaqələrin genişlənməsinin əsas səbəblərindən biri də iki dövlət liderlərinin şəxsi münasibətləridir. Bu şəxsi münasibətlər ölkələrimiz arasında əlaqələrin inkişafına və strateji əməkdaşlığın formalaşmasına imkan yaradıb".
"Eyni zamanda, iki ölkə arasında, bir tərəfdən, qarşılıqlı investisiya qoyuluşlarında artımlar var, sahibkarlıq subyektlərinin qarşılıqlı fəaliyyətləri genişlənir, digər tərəfdən isə nəqliyyat-logistika sahəsində geniş əməkdaşlıq perspektivləri mövcuddur. Çünki Çin məhsullarının Avropaya çıxarılması həm də Azərbaycan vasitəsilə həyata keçirilir. Trans-Xəzər nəqliyyat qovşağının genişləndirilməsi ilə vaxta və vəsaitə qənaət edilməsi daha çox yükün Xəzər dənizi və Azərbaycan üzərindən daşınmasına gətirib çıxarıb. Eyni zamanda, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qədər artırılması ilə bağlı sərmayə qoyuluşu həyata keçirib. Bu da təbii ki, digər istiqamətlərdə daha çox yüklərin daşınmasına imkan verəcək", - deyə Bayramov vurğulayıb.
Müsahibimizin qənaətinə görə, Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr növbəti illərdə daha da dərinləşəcək:
"Bu da ölkələrimiz arasında strateji münasibətlərin daha da genişlənməsinə imkan yaradacaq".
Təbii ki, Azərbaycan - Çin münasibətləri təkcə iqtisadi-ticari deyil, digər sahələrdə də artan xətt üzrə inkişaf edir. Nümunə kimi, iyunun 15-də və iyulun 23-də Çin hərbi nümayəndə heyətinin Azərbaycana növbəti səfərlərini göstərə bilərik. Çinin qlobal gücü və beynəlxalq münasibətlərdə artan nüfuzu fonunda bu kimi səfərlərin nə dərəcədə əhəmiyyət daşıdığı, təbii ki, sirr deyil. Bütün bunların fonunda isə ən prioritet məqam kimi, tərəflərin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir. Belə ki, Azərbaycanın "vahid Çin" siyasətini, ÇXR-in də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması və dəstəkləməsi münasibətlərin nə qədər yüksək səviyyədə olduğunun bariz nümunəsidir.
Oxu.Az-a danışan Milli Məclisin VI çağırış deputatı Aydın Mirzəzadə də hesab edir ki, Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir:
"Artıq münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sonuncu zirvə görüşündə Azərbaycan və Çin rəhbərlərinin görüşündə hər iki tərəf ölkələrinin münasibətlərinə yüksək qiymət verdi və bu münasibətləri daha da genişləndirmək marağında olduğunu bildirdi".
Müsahibimiz Azərbaycan və ÇXR-in bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasının münasibətlərin inkişafına verdiyi töhfədən də danışıb:
"Hər iki tərəf əməkdaşlığın yeni formalarını hər zaman nəzərdən keçirir. Bu istiqamətdə artıq Azərbaycan-Çin hərbi əməkdaşlığı da günbəgün genişlənməkdədir. Cəmi bir ay ərzində Çinin iki hərbi nümayəndə heyəti Azərbaycana səfər edib. Burada həm hərbi, həm də hərbi-texniki əməkdaşlıq öz əksini tapıb.
Azərbaycan-Çin münasibətləri göstərir ki, böyüklüyündən, dünyanın hansı coğrafiyasında yerləşməsindən asılı olmayaraq, ölkələr ümumi milli maraqlar əsasında dostluq və əməkdaşlıq edə bilirlər. Azərbaycanın Çinlə dostluğu da digər ölkələr üçün bir nümunədir".
Milli Məclisin VI çağırış deputatı Vüqar İskəndərli də hesab edir ki, Çin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla münasibətlərdə çox maraqlıdır:
"Biz beynəlxalq platformalarda çox yaxşı münasibət sərgiləyirik və son zamanlar həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə bu, özünü açıq-aydın büruzə verir. Həm siyasi, həm iqtisadi, həm hərbi, həm də mədəni və s. sahələrdə münasibətlərimizin möhkəmlənməsi və bu əlaqələrin məhz dostluğa söykənməsi artıq onu deməyə əsas verir ki, biz təkcə ikitərəfli deyil, həm də beynəlxalq-çoxtərəfli platformalarda çox yaxşı partnyor ola bilirik və ikitərəfli əlaqələrimizi daha da yüksələn xətlə inkişaf etdirmək qüdrətindəyik.
Beləliklə, biz çox da uzaq olmayan zamanda ölkələrimizin yeni layihələrə imza atmasını da müşahidə edəcəyik. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan və Çin bütün mühüm sahələri özündə ehtiva edən münasibətlərdə maraqlıdırlar və onun inkişaf etdirilməsində səmimidirlər".
Aqil Vəlili
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Deputat: "Hərbi qanunvericiliyə edilən təkliflər Zəfərin yaratdığı yeni reallıqlardan irəli gəlir"
- Prezident Cənub Qaz Dəhlizi ilə bağlı Sərəncam imzalayıb
- Gələn il növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
- AAYDA-ya doqquz milyon manat vəsait ayrıldı – SƏRƏNCAM
- Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib