12 
Fev
2024
17:26
33
63
2807
Virtual karabakh

“Bitkoin” tələsinə düşən vətəndaşın səkkiz minə yaxın pulu batıb: Niyə aldanırıq? - FOTO

12 Fev, 2024
17:26
2807

“Bitkoin” tələsinə düşən vətəndaşın səkkiz minə yaxın pulu batıb: Niyə aldanırıq? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriptovalyutaya pul yatıran azərbaycanlı aldanıb.

Bu barədə Oxu.Az-a səkkiz min manata yaxın pulu “bitkoin”də batan vətəndaş bildirib.

Onun sözlərinə görə, “bitkoin”də daha çox pul qazanmaq adı ilə dəfələrlə aldanıb:

“Özlərini “Anderson Gonzales” və “Asha Nair” kimi təqdim edən şəxslər “Why bitcoin?” adlı sayt linkini mənə göndərdilər və pul yatıraraq, artırmağı təklif etdilər. Guya “Anderson Gonzales” saytı idarə edən şəxs imiş. “Asha Nair” mənə hesab kartı göndərdi və ilkin olaraq, 50 manat, daha sonra 380 və 1 280, 1 600 manat göndərməyimi istədi. Mən də göndərdim.

Sonra mənə dedilər ki, 3 200 manat göndərəcəyəm və bununla da tapşırıq tamamlanacaq. Şəxsi hesab kartımla 2 000 və 1 200 manat məbləğləri göndərdim. İndi də deyirlər ki, beş min manat göndərməliyəm ki, verdiyim pulları sistemdən tam çıxarım. Əgər göndərməsəm, pullarımı geri atmayacaqlar”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkə səhifələrində kriptovalyuta alqı-satqısı adı ilə insanları aldadırlar.

Səhifələri idarə edən şəxs (və ya şəxslər) sosial şəbəkələrdə elanlar yerləşdirərək, pul qismində kriptovalyuta alqı-satqısı həyata keçirməklə daha çox pul qazanacaqları adı altında vətəndaşları aldadırlar. 

Təəssüf ki, əksər vətəndaşlar bu səhifələrin toruna düşürlər...

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

Xidmətin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotereyalar və kampaniyalar barədə mesajlar göndərilir:

“Bununla bağlı ETX vətəndaşlara diqqətli olmağı, şübhəli linklərə daxil olaraq öz fərdi məlumatlarını və bank kartı məlumatlarını təqdim etməməyi tövsiyə edir. Belə ki, bu tipli saxta təkliflərə aldanan vətəndaşların öz bank kartı məlumatlarını kiberdələduzlara təqdim etməsi onların bank kartlarından pul vəsaitlərinin silinməsinə səbəb ola bilər.

Eyni zamanda, hər hansı qurum və ya şirkət adından bu tipli mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla və şirkətlə dəqiqləşdirmək tövsiyə olunur”.

Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət orqanları mütəmadi olaraq, onlarla növ dələduzluq cinayətlərindən qorunma üsullarını internetdə nümayiş etdirərək vətəndaşları maarifləndirməyə çalışırlar:

“Amma asan yollarla pul qazanmaq istəyən vətəndaşlar belə vədlərə aldanırlar. Nəticədə ölkədən kənarda fəaliyyət göstərən dələduzlar tərəfindən aldadılırlar, onlara məxsus xeyli, hərdən isə külli miqdarda pul vəsaitləri ələ keçirilir.

Dələduzlar, əsasən, xarici ölkələrdən Azərbaycanın internet məkanına daxil olaraq, guya kriptovalyuta və ya digər investisiya məkanları olduqlarına insanları inandırırlar. Sonda isə onları aldadaraq, müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib, öz qurbanlarını müflis vəziyyətə salırlar. Belə cinayətlərin cəza sanksiyası mövcud Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənir.

Belə ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə şəxs - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, yaxud iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət əməlinin digər ağırlaşdırıcı halları müəyyən olunduğu təqdirdə, qanunun cəza siyasəti daha da sərtləşir və yuxarıda qeyd olunan cəzalar vurulmuş ziyana mütənasib şəkildə artırılır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, cinayət əməlini törədən təqsirkar şəxslərin ölkə hüdudlarından kənarda olmaları cəza siyasətinin tətbiqində müxtəlif çətinliklər yaradır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan səhifələrə rast gəlinir:

“Həmin sosial şəbəkələrdə elanlar yerləşdirərək, pul qismində yatırım edəcəkləri halda külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmağa cəhd göstərirlər. Həmin şəxslər onlara müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradırlar.

Həmin səhifələri işlədən inzibatçıların şəxsiyyətlərinin müəyyən edilməsi və onların saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir, nəticələri barədə ictimaiyyətə daim məlumatlar verilir”.

DİN rəsmisi vətəndaşları bu cür səhifələrin toruna düşməməyə, həmin səhifələrin hesablarına pul köçürməməyə çağırıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri