24 
Fev
2024
11:58
163
6
1207
Virtual karabakh

Bu gün publisist Əli bəy Hüseynzadənin doğum günüdür

24 Fev, 2024
11:58
1207

Bu gün publisist Əli bəy Hüseynzadənin doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, publisist 1864-cü il fevralın 24-də Salyanda anadan olub.

Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan ana babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. 1875-1885-ci ildə Tiflis gimnaziyasında təhsil alıb. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olub. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olub.

1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib.

Burada dövrün məşhur elm xadimləri - Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub, “xalqçılar” hərəkatına rəğbət bəsləyib. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb.

Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gedib və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunub.

Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb.

Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayıb. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana “ağırbaşlı” filosof, “sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdıb. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb.

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.

“Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazıb:

“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” - azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri