17 
Avq
2015
18:02
537
46
8246
Virtual karabakh

Anar Məmmədov ABŞ-a səfər edəcək

17 Avq, 2015
18:02
8246

Anar Məmmədov ABŞ-a səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alyans məlumat yaydı.

ABŞ-da təsis edilmiş və bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının rəhbəri, Makedoniyanın Azərbaycandakı fəxri konsulu Anar Məmmədov Azərbaycanın paytaxtı Bakının erməni daşnaklarından azad edilməsinin 97-ci ildönümü münasibətilə Vaşinqtona səfər edəcək.

Alyansın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ABŞ tarixinə qara hərflərlə yazılmış 11 sentyabr hadisələrinin növbəti ildönümü ərəfəsində baş tutacaq bu səfərin əsas məqsədi 15 sentyabr 1918-ci ildə Bakının erməni daşnakları, erməni terrorçularından azad edilməsi uğrunda Azərbaycan xalqının apardığı istiqlal mübarizəsi, daşnakların xalqımıza qarşı törətdiyi soyqırım barədə ətraflı məlumatlandırmaqdır.

Səfər çərçivəsində ABŞ-ın bir sıra tanınmış konqresmenləri və senatorları ilə görüşlər planlaşdırılır.

Qeyd edək ki, 97 il bundan əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi “Qafqaz İslam Ordusu” və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunsa da, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.

Ağır vəziyyətdə olmasına baxmayaraq, qardaş Azərbaycanı darda qoymayan Türkiyənin yardımı ilə hazırlanmış və Nuru Paşanın komandanlıq etdiyi, Azərbaycan və Türkiyə əsgərlərindən ibarət “Qafqaz İslam Ordusu” ağır döyüşlərdən sonra sentyabrın 15-də Bakıya daxil oldu və beləliklə də, Azərbaycanın bütün ərazisi Xalq Cümhuriyyətinin üçrəngli bayrağı altında birləşdirildi.

Xatırladaq ki, bu, Azərbaycan-Amerika Alyansının və o cümlədən onun rəhbəri Anar Məmmədovun Azərbaycan həqiqətlərinin okeanın o tərəfində, dünyanın fövqəldövləti hesab olunan ABŞ-da tanıdılması istiqamətində həyata keçirdiyi ilk irimiqyaslı tədbir deyil.

Belə ki, Alyans son dörd il ərzində hər il Azərbaycan xalqının böyük faciəsi, tariximizə qara hərflərlə yazılmış Xocalı soyqırımı haqqında həqiqətlərin ABŞ-da təbliği istiqamətində addımlar atıb.

Təkcə bu il ABŞ-ın Nyu-York, Vaşinqton kimi nəgəhg şəhərlərində quraşdırılmış, üzərində “Xocalı... Azərbaycana qarşı bəşər faciəsi”, “Xocalıya ədalət” başlığı altında posterləri milyonlarla insan izləyib.

Bundan başqa, ABŞ prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların baş ofisinə qədər bütün strateji obyektlərin yerləşdiyi Vaşinqtonda Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir.

Alyans həmçinin uzun illər erməni terroruna məruz qalmış, ərazisinin 20% erməni terrorçuları tərəfindən işğalına edilmiş Azərbaycan xalqının  11 sentyabr terror aktlarının dəhşətlərini yaşamış Amerika xalqının dərdinə şərik olduğunu bir daha vurğulamaq üçün, həmin terror aktının qurbanları – 93 saylı aviareysin qəhrəmanlarının xatirəsinə həsr olunmuş Memorial kompleksin təməlqoyma mərasiminə də qatılıb.


Belə ki, bu kompleksin inşasına kömək məqsədilə toplanmış ianələr arasında Azərbaycan-Amerika Alyansının vasitəsilə Azərbaycan xalqının töhfəsi xüsusi yer alıb.

Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun təşəbbüsü ilə Memorial kompleksin Qonaqlar mərkəzinə aparan yolun hər iki tərəfində qırmızı ağcaqayın ağacları əkilib. Həmin ağacların üzərinə vurulmuş xatirə lövhələrində isə onların Azərbaycan xalqı adından hədiyyə olduğu qeyd edilib.

Azərbaycan-Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır.

Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstəyi təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri