Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rober Pires: “Qarabağ” “Arsenal”ı Londonda məğlub edə bilər
Futbol üzrə Fransa millisi ilə 1998-ci ildə dünya və 2000-ci ildə Avropa çempionu olmuş, “Arsenal” klubu ilə ikiqat İngiltərə çempionu Rober Piresin iştirakı ilə brifinq keçirib.
Əfsanəvi futbolçu brifinqdə Oxu.Az-ın əməkdaşının da suallarını cavablandırıb:
– Bakıya səfəriniz haqda fikirlərinizi bölüşərdiniz...
– Burada olmaqdan şadam. Bu, mənim Bakıya ilk səfərim deyil. Çünki Fransanın U-21 millisi ilə Bakıda olmuşam (əslində o, səhv xatırlayır. 1994-cü ildə keçirilmiş həmin görüş Bakıda yox, Türkiyənin Trabzon şəhərində baş tutub – S.M.). Bu günün əhəmiyyətini sizin üçün bilirəm. Uşaqların arasında oldum. Gördüm ki, uşaqlar futbolu çox sevir.
– Gəzdiyiniz Bakı Olimpiya Stadionunda cari mövsüm Avropa Liqasının finalı keçiriləcək. Stadion haqda ilkin təəssüratlarınız necədir?
– Möhtəşəm, iri stadiondur. Çoxlu azarkeş tutumuna malikdir. Düşünürəm ki, bu, UEFA üçün yaxşı imkandır. Bakı çox yaxşı şəhərdir, müasirdir. Stadion yenidir. İstərdim ki, “Arsenal” məhz finalı burada keçirsin.
– Bu stadion üçün Çempionlar Liqasının finalını keçirmək imkanlarını nə dərəcədə görürsünüz?
– Bəli, niyə də yox?! Çünki müasir stadiondur. Bu, UEFA və Azərbaycan üçün çox yaxşı arenadır. Hər şey mümkündür. Azərbaycan xalqı futbolu sevir. Bizə bu tipli stadionlar çox lazımdır.
– 2000-2006-cı illərdə “Arsenal”da oynamısınız. Sabiq “Arsenal”lı kimi “Qarabağ”la bu stadionda keçirilən görüşü izləmisinizmi?
– Mən bilirəm ki, sizdə uzun müddətdir ki, futbol inkişafdadır. “Çelsi” ilə keçirilmiş görüşləri xatırlayıram. Sizin komandanız, xalqınız üçün belə matçlar yaxşı təcrübədir. Hər şey asan əldə olunmur. Əgər Fransa, İspaniya, Portuqaliya və ya Almaniya kimi milliləri məğlub etmək istəyirsənsə, bu oyunlardan nələrsə öyrənməlisən. Sizin ölkədə yeni nəsil yetişir. Öyrənmək üçün məğlub olmalısan. Qalib gəlmək üçün öyrənməlisən. “Qarabağ” “Arsenal”la son oyundan həzz almalı, nələrsə öyrənməlidir.
– Bakıdakı finalda “Arsenal”dan başqa, hansı komandanı görmək istərdiniz?
– Bilirsiniz, mən bu klubun səfiriyəm. Təbii olaraq istəyirəm ki, “Arsenal” finalda olsun. Digər komandanın “Çelsi” olmasını istəyərəm. Niyə də finalda London derbisi olmasın?! Onlarda yeni məşqçi var, yaxşı təsir bağışlayırlar. Düzdür, bilirəm ki, Avropa Liqasının finalına gedən yol asan olmayacaq və bu yol uzundur. Amma “Arsenal”ın finala çıxacağından əminəm.
– “Arsenal”dan sonra İspaniyanın “Vilyareal” klubunda 2006-2010-cu illərdə oynamısınız. Bu klubun finalda olmasını istəmirsiniz?
– (gülür) Niyə istəmirəm ki?! Bilirsiniz ki, altı mövsüm “Arsenal”da keçirdikdən sonra “Vilyareal”a keçdim. Ona görə də bu komandanı yaxşı tanıyıram. Yaxşı məşqçiləri, futbolçuları var. Düşünmürəm ki, “Vilyareal” finala çıxa. Amma onlar yarımfinala kimi irəliləyə bilərlər.
– Karyeranızı Hindistanda bitirmisiniz və fərqli ölkələrdə olmusunuz. Futbolumuzu inkişaf etdirmək üçün bizə nə məsləhət verə bilərsiniz?
– Düşünürəm ki, müxtəlif ölkələrdə oynadığım üçün xoşbəxt insanam. Kiçik bir məsləhət verə bilərəm. Özünə inanmaq, arzuna çatmaq üçün məşq etmək lazımdır. Ən əsası da yaxşı məşqçi tapmalısan.
– “Arsenal” Avroliqanın qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq. Növbəti mərhələyə vəsiqə qazandığından, “Arsenal” Londonda gənclərlə oynayacaq. Belə olan halda bizim təmsilçinin “Emireyts”dən bir xalla qayıtması mümkündür?
– Düzünü desəm, hər şey “Arsenal”dan asılıdır. Əgər “Arsenal” qələbə üçün çıxsa, onda onları məğlub etmək çətindir. Xüsusən də bu matç “Emireyts” stadionunda keçirilərsə... Amma dekabr-yanvar ayları matçların sıxlığı üzündən həmişə “Arsenal” üçün çətin keçir. Bir sözlə, baş məşqçi “Arsenal”ı əsas heyətlə meydana buraxsa, şans yoxdur. Amma bu qrupda artıq hər şey həll olunduğundan, onları məğlub etmək də olar. “Qarabağ” üçün “Arsenal”a qarşı oynamaq, xüsusən bunu “Emireyts”də etmək böyük təcrübə olacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar