Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünya turuna çıxıb Azərbaycanda qalan almaniyalı velosipedçilər Bakıdakı şəraitlərindən danışdılar - FOTO
“Üç həftə əvvəl Qazaxıstan tərəfə Xəzər dənizindən bərə ilə keçmək planına nikbinliklə baxırdıq. Ancaq indi həmin ölkə əcnəbiləri öz vətənlərinə geri göndərdiyi üçün Azərbaycanda qaldığımızdan çox xoşbəxtik”.
Oxu.Az xəbər verir ki, bunu almaniyalı velosipedçilər Anika Brust və Denis Şarnov deyiblər.
Ötən ilin iyununda Almaniyanın Hamburq şəhərindən velosipedlə dünya turuna çıxan bu cütlük Azərbaycanda olduğu vaxt sərhədlər bağlandığından, Bakıda qalmalı olub. Onlar Bakıdakı həyatlarından danışıblar:
“Azərbaycan əcnəbilərə münasibətdə başqa variantı seçdi. Bütün müddəti bitmiş vizaların müddətini uzatdı. Bu isə o deməkdir ki, vizada nəzərdə tutulmuş 30 günün əvəzinə biz bu ölkədə iyunun 1-dək 90 gün qala bilərik. Əlbəttə, şadıq ki, bizi Almaniyaya geri göndərmədilər. Ümid edirəm ki, göndərilməyəcəyik də. Hazırda biz Bavariyadan olan digər velosipedçi Konstantinlə birgə Bakının mərkəzində yaşayırıq. Tutduğumuz mənzil çox yenidir, olduqca ucuz qiymətədir və eyvanından şəhərin tarixi hissəsi ilə Xəzər dənizinin möhtəşəm panoramı görünür.
Bütün dünyada olduğu kimi, biz evdə qalırıq və küçəyə yalnız mağazaya və ya həkimə getmək lazım olanda çıxırıq. Denis 10 gün əvvəl velosipedlə qəzaya düşüb. İndi yarası sağalır. Ancaq zədəsini həkimə mütəmadi göstərməsi lazımdır.
Bu müddətdə gündə bir iş görməyə, tez-tez məşq etməyə, vaxtımızdan səmərəli şəkildə yararlanmağa, rus dilini öyrənməyə, yeni bloqlar yazmağa və təzəcə toplamağa başladığımız araq kolleksiyasını genişləndirməyə sərf edirik.
Əlbəttə, səyahəti nə vaxt və necə davam etdirəcəyimizi təxmin edə bilmərik. Ancaq şübhə etmirik ki, biz tezliklə yolumuza davam edəcəyik”.
Cütlük yanvarda Antalyada – Bələkdə olduğu vaxt bir hotel otağında qalmaq üçün nikah şəhadətnaməsi hazırladıqlarını, Gürcüstanda olarkən xizək sürdüklərini və Göyçayda çayı velosipedlə keçmək istədiklərindən danışıb:
“Azərbaycanda körpü olmadan bir çayı keçməyə çalışdıq. Ancaq suyun bizdən daha güclü olduğunu anladıq. Həm Gürcüstanda, həm də Azərbaycanda olanda stadiona getdik və futbola baxdıq. Artıq 300 gündür ki, yollardayıq, 11 min km-dən çox məsafə qət etmişik və Azərbaycan səfərimizin 15-ci ölkəsidir”.
Qeyd edək ki, hər iki velosipedçi Almaniyanın 3-cü Liqasında mübarizə aparan “Hanza” komandasının azarkeşi olduğundan Hamburqdan sonra ilk dayanacaqlarını ötən il iyunun 22-də Rostok şəhərində ediblər. Həmçinin, onlar Antalyada sevimli komandalarının təlim-məşq toplanışını da izləyib.
Pərakəndə avtomobil ehtiyat hissələrinin satışı üzrə logistika meneceri Denis Şarnov və nəzarətçi işləmiş Anika Brust Hamburqdakı evlərindəki bütün əşyaları sataraq bu səfərə çıxıb. Onlar daha sonra Baltikyanı ölkələr (Litva, Latviya, Estoniya), Polşa, Slovakiya, Macarıstan, Rusiya, Serbiya, Kosovo, Şimali Makedoniya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycana səfərə çıxıblar.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər