Koroğlu nəqliyyat mübadilə mərkəzi
Koroğlu nəqliyyat mübadilə mərkəzi
Bakı şəhərinin artan nəqliyyat tələbatını qarşılamaq məqsədilə Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.
Dövlətimizin başçısının tapşırığına əsasən, Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq.
Sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün icrasına başlanılan layihəni zəruri edən bir neçə amil var. Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.
Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.
Beləliklə, görüləcək işlər çərçivəsində:
- metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;
- minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;
- taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;
- elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi ilə Bakı şəhərinin ictimai nəqliyyat sistemi daha da təkmilləşəcək, vətəndaşların gediş-gəlişi daha rahat və sürətli olacaq. Bu layihə paytaxtın müasir simasına yeni bir nəfəs gətirməklə yanaşı, ətraf mühitin qorunmasına da öz töhfəsini verəcək.