Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hərbi ekspert: Laçın yoluna nəzarət işğaldan qurtulmaq üçün addımdır
2015-ci ildən Azərbaycan tərəfi strateji cəhətdən vacib olan yüksəklik və magistrallara nəzarəti planlı şəkildə geri qaytarmağa başlayıb.
Bu sözləri Oxu.Az-a açıqlamasında hərbi-siyasi ekspert Ramil Məmmədli Azərbaycan müdafiə naziri Zakir Həsənovun ordumuzun Laçın yoluna nəzarət etməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanın Şərur rayonundakı uğurlu əməliyyatı Günnüt kəndinin azad edilməsinə və Azərbaycan ordusunun Yerevan-Qafan-Laçın magistralını nəzarət altına almasına səbəb olub.
“Bu yol Günnüt kəndinin yaxınlığındakı Arpa və Amağu kəndləri arasından keçir. Zakir Həsənov Azərbaycan ordusunun bu yolda nəzarəti ələ almasını böyük uğur adlandırıb. Doğrudan da, bu yol Dağlıq Qarabağ və Yerevan arasında bağlayıcı rolunu oynayır”, - Məmmədli qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində və Ermənistanla sərhəddə keçirdiyi əməliyyatları uğurlu hesab etmək olar.
“Hazırda Azərbaycan ordusu azad edilmiş yüksəkliklərin köməyilə rəqib üzərində bir neçə istiqamətdə üstünlük qazanıb”, - ekspert bildirib.
O əmindir ki, işğal olunmuş ərazilərdə strateji yüksəkliklərin və nöqtələrin azad edilməsi davamlı olacaq və bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Əli Məmmədov
www.oxu.az
Rəylər