“Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibinə münasibət bildirib.
Oxu.Az-a açıqlama verən Axundov Maltanın “Baltsan” komandasını zəif görməyin düzgün olmadığını qeyd edib:
“Demək olmaz ki, bizə ən zəif komanda düşdü. Dünya futbolunu yaxından izləyirik. Bu gün Meksika dünya çempionu Almaniyanı yenirsə, deməli, dünyada zəif rəqib yoxdur. İndi reytinq önəmli deyil. Meydanda sərgilənən futbol önəmlidir.
Malta da Avropada yerləşir, heyətlərinə baxmışıq, yaxşı legionerləri var. Biz də bu oyunlara hazırlaşırıq. İstəyirik ki, I mərhələni adlayaq. Bunun üçün də qısa müddətdə yeni transferlər həyata keçirməliyik”.
O, ötən mövsüm klub “İnter” adlanarkən Lüksemburqun “Fola” komandasına uduzmasını unutmadıqlarını və həmin matçlardan dərs götürdüklərini bildirib:
“Düzdür, bizim belə bir acı təcrübəmiz var. Komandamızın baş məşqçi heyəti dəyişsə də, biz artıq ötənilki oyunlardan dərs çıxarmışıq. O da cırtdan ölkənin təmsilçisi idi. Həmin oyunlar hələ də yadımızdan çıxmayıb”.
Zaur Axundov iyuldakı avrokubok oyunlarına kimi üç legioner transfer edəcəklərini qeyd edib:
“Legioner kimi bir hücumçu və iki yarımmüdafiəçi almaq fikrimiz var. Bugünkü planlarımız budur. Çalışacağıq ki, həmin transferləri bu matçlara kimi başa çatdırıb adlarını iştirak ərizəsinə salaq”.
Qeyd edək ki, “Keşlə” ilk oyununu iyulun 12-də Maltada keçirəcək. Cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.
Səbuhi MUSAYEV
www.oxu.az