Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Ukrayna sərhədlərindən Rusiyanın “havasını” almağa çalışır: Ağ Evdən mühüm qərar – TƏHLİL
Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxmağa çalışan Amerika Birləşmiş Ştatları Avropanın təhlükəsizliyini qorumaq üçün “Patriot” hava hücumundan müdafiə sistemlərini daha bir ölkədə - Slovakiyada (bu ölkə Ukrayna ilə sərhəddir) yerləşdirir.
Ağ Ev bununla 4 ssenari üzrə hədəflərini müəyyənləşdirir:
1. Avropada hərbi iştirak səviyyəsini qaldırır,
2. Rusiyanı mümkün təcavüzlərdən çəkindirir,
3. Hücum olacağı təqdirdə Rusiyanın məqsədlərinə çatmamasına çalışır,
4. Silah bazarındakı liderliyi qoruyub saxlayır.
ABŞ “Patriot”ları dünyanın 18 ölkəsində yerləşdirib, onlardan altısı Avropa məkanında özünə mövqe seçib (Almaniya, Niderland, Yunanıstan, İspaniya, Rumıniya, İsveç və Polşa).
Hərbi mənada Rusiyanın Ukrayna sərhədlərindəki cinahlardan hava hücumundan müdafiə sistemləri vasitəsilə əhatəyə alındığını görürük:
“Patriot”ların yerləşdirildiyi Rumıniya, Polşa, və həmin sistemlərin yerləşdiriləcəyi Slovakiya Ukrayna ilə sərhəddir.
Pentaqonun “Patriot” sisemlərini Slovakiyaya göndərməsinin qərarının arxasında Avropa ictimai-siyasi mühitində Rusiyaya əleyhinə meyillərin gücləndirilməsi dayanır.
Qərbin iki qüdrəti – ABŞ və Britaniya – Rusiyanın başqa ərazilərdə ocaqlar yandıracağı ehtimallarını əldə rəhbər tutaraq Avropadakı təhlükəsizlik zolağını gücləndirmiş rejimə kökləyir.
Tarixi təcrübədə ABŞ-ın da okeanın o tayından gələrək digər ölkələrə hərbi müdaxilələri olub, yəqin ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra ABŞ da özünü analoji metodla sınağa çəkəcək.
Mümkündür ki, ABŞ-ın hədəf taxtasındakı ölkələrdən biri Avropada olsun – məsələn, NATO üzvü olmayan və Rusiyaya aşırı simpatiya nümayiş etdirən Serbiya.
Rəsmi Belqrad Rusiyaya arxalanmaqdan və millətçi duyğulardan vəcdə gələrək Bosniya və Herseqovinaya məxsus Serb Respublikasındakı serbləri qızışdırıb ortaya salmaq taktikasını yürüdür ki, bu da Qərbi narahat edir.
Balkan regionundakı suların bulanıqlaşması Avropa üçün təhdidlərin miqyasını genişləndirir, ABŞ-ın qoca qitəyə hərbi qiyafədə iştirakını artırmaq missiyası da həmin səbəblərdən qaynaqlanır.
ABŞ-ın Slovakiyanı tamamilə öz orbitinə çəkməsinin əlamətləri təkcə “Patriot”la bitmir, iki ölkə arasında olan Müdafiə Əməkdaşlığı Sazişinə əsasən, Ağ Ev Slovakiyanın iki hərbi bazasından 10 il müddətinə istifadə etmək imkanı qazanıb.
Bununla da qlobal münasibətlər sistemində yeni dünya düzəni yaratmaq ideyalarının tətbiqinin başqa mərhələyə keçəcəyi ehtimalını səsləndirməyə əsaslar yaranır.
ABŞ-ın Avropadakı canlı qüvvə və hərbi texnika sayının artırması həmin fazaya keçidə hazırlıqdır.
Aqşin Kərimov
"Almaniya" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
Rəylər