25 
Noy
2021
16:52
22
398
5964
Virtual karabakh

Sülhməramlılara “bayram təbriki” və bayram təbriki

25 Noy, 2021
16:52
5964

Sülhməramlılara “bayram təbriki” və bayram təbriki

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidməti artıq ikinci ilindədir.

Tarix baxımından qısa dövr hesab olunsa da, sülhməramlılar bu müddət ərzində “böyük işlər”ə imza atmağı bacarıb.

Maraqlısı budur ki, bu “böyük işlər”in heç birində onlar qarşımıza sülhməramlı kimi çıxmağı bacarmayıb. Hər dəfəsində üzərlərinə götürdükləri ali missiyadan kənar, hətta daban-dabana zidd hərəkətlərlə gündəmə gəlməyə bacarıblar.

Sülhməramlıların “parlaq” fəaliyyəti artıq sosial şəbəkənin erməni seqmentində onlardan birinin ermənilərin sağlığına badə qaldırması ilə qarşıdakı dövr üçün həyəcan siqnalı verməyə başlamışdı.

Azərbaycan torpaqlarına sülhü qorumaq üçün gələn bir Rusiya sülhməramlısı, açıq aşkar ermənilərin tərəfindən çıxış edir, onlara sağlıq deyirdi...

O zamanlar hər kəs düşünürdü ki, bu cür “xırda” məqam sülhməramlıların fəaliyyətinə kölgə salmamalıdır, bunu kiçik insident kimi görənlər də vardı. Ancaq zaman göstərdi ki, bu hadisə Rusiya sülhməramlılarının qısa müddətdə ortaya qoyduğu “film”in sadəcə ilk kadrları idi.

Ötən bir ildən bir qədər artıq dövrdə sülhməramlılar deyəsən bizim film zənn etdiyimiz qalmaqalları seriala çevirməkdə israrlıdır. Çünki bu qalmaqalların ardı-arası kəsilmək bilmir ki, bilmir.

Nəzarət zonasında nəzarətsizlik

Başlıq qəribə səslənə bilər, ancaq real vəziyyət bundan ibarətdir. Sülhməramlıların nəzarətindəki bölgələrdə ermənilər demək olar ki, özlərini nəzarətsiz hiss edirlər. Laçın dəhlizindən istənilən erməni, hətta potensial terrorçular belə rahatlıqla keçə bilir. Ermənistandan gələn məmurlar, Semyon Peqov kimi ləyaqətini pula satmış təbliğat alətləri də bu dəhlizdə heç bir əngələ ilişmədən yoluna davam edir.

Doğrudur, məsələn Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın səfərinə Azərbaycan tərəfi lazımı cavabı verdi və yekun nəticədə o, vəzifəsindən qovuldu. Ancaq Rusiya sülhməramlıları öz işini layiqincə yerinə yetirsəydi, heç buna da gərək qalmazdı.

Azərbaycanın daha bir müdaxiləsi də İran TIR-ları ilə bağlı olmuşdu. Həmin məsələdə İranın öz TIR-larına sözügedən əraziyə getməyi qadağan etməsi ilə başa çatdı. Burada da son söz Bakının dediyi oldu. Hər iki halda isə təqsirin əsas hissəsi təxribatlara zəmin yaradan, göz yuman Rusiya sülhməramlılarında oldu.

Hər cür xidmət, pulsuz çatdırılma - ünvana, hətta düz evin içinə qədər...

Daha bir məqam isə sülhməramlıların təyinata uyğun oldu-olmadı daşıdıqları “humanitar yardım”larla bağlıdır. Hətta çox zaman sülhməramlılarda öz işlərindən daha çox kuryerlik fəaliyyətinin uğurlu alındığını görmüşük.

Amma tək xidmət sahəsi kuryerlik də deyil ki, maşallah, sülhməramlıların ermənilərin qulluğunda dayanmadığı sektor qalmayıb. Əvvəlcə əkin işlərində yanlarında oldular, sonra su çəkərkən, daha sonra gördülər su problemi düzəlmir, qapı-qapı gəzib iri çənlərdə su paylamağa başladılar.

“Əlaltı” damğasını burada öz üzərlərinə götürdülər, ancaq sonda bu damğanın şedevrini göstərməkdən utanıb-sıxıldılar. Onu da ermənilər bəh-bəhlə paylaşdılar. Bu “humanist” sülhməramlıların erməni ailənin yüklərini daşıyarkən çəkilən görüntüləri idi. Hərçənd həmin ailədən utandıqlarındanmı, səhvlərini anladıqlarındanmı, bu kadrların yayılmamasını istəsələr də, ermənilər “xidmətçi” damğasını da sevə-sevə vurdular sülhməramlıların üzərinə...

Daha sonra “kuryer xidməti”ni bir qədər də təkmilləşdirən Rusiya sülhməramlıları apardıqları ayaqqabıları düz ermənilərin ayağına kimi çatdırdı, çox yox, elə ötən gün ermənilərin qışa hazır olması üçün 200 yorğanı onlara təhvil verdi. Hələ söz də verdilər ki, arxayın olun, tezliklə istilik sistemlərini də gətirib çatdıracağıq.

Hə, yeri gəlmişkən, bir xidmət var ki, onu yəqin ki, heç kim ağlına belə gətirməzdi. Amma sülhməramlılar bu günə qədər ağlasığmaz o qədər qalmaqalın baş rolunu oynayıblar ki...

Bu “möhtəşəm xidmət” sülhməramlıların ermənilərə qan verməsi idi. Sülhməramlı missiya üzvlərinin damarlarında axan qanın sabah hansı terrorçunun damarında bəşəriyyət üçün cinayətə çevriləcəyini isə demək çətindir. Hər halda bizdəki məsəl hər nə qədər xoş olmasa da, (qanını it qanına calamaq) burda yerinə düşür... Amma ki, bunu da özünə rəva gördü sülhməramlılar.

Qeyri-peşəkarlıq, savadsızlıq və ya ...

Bu da son deyil, sülhməramlıların qalmaqaldan başı açılır ki? Məsələn, Qarabağda erməni uşaqlar üçün “gənc döyüşçü” təlimlərini xatırlayaq. Onsuz da valideynlərinin separatçı fikirləri ilə böyüyən, Njde, Dro, Avo kimi terrorçuları qəhrəman kimi tanıyan uşaqlara hansı məntiqlə bu təlimləri keçirdilər, həqiqətən anlamaq çətindir. Hər halda sülhməramlıların adına Qarabağda “potensial terrorçu hazırlığı” da bir şan gətirmədi.

Amma heç bu da axırıncı səriştəsizlik, rüsvayçılıq olmadı. Bir ara Qarabağda hərbi parad fikrinə düşmələri onlar adına növbəti qalmaqal idi. Rusiya sülhməramlıları sadə həqiqəti dərk edəcək qədər məntiqli olmadı. O həqiqət bundan ibarətdir ki, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpaqlarında hərbi parad keçirə biləcək yeganə hərbi güc məhz Müzəffər Azərbaycan Ordusudur!

Onlar qeyri-peşəkarlıqlarını dəfələrlə sübuta yetirə biliblər. Ermənilər onların bu cəhətlərindən istifadə edib, qısa müddətdə bir çox təxribatlara əl atıblar. Elə sonuncu qumbara atanı da hamımız yaxşı xatırlayırıq. “24 saat monitorinq” apardıqları postdan əl-qolunu sallayaraq keçən bir erməni sülhməramlıların gözü qarşısında Azərbaycan hərbçisinə qumbara atır, sülhməramlılar isə mövcud deyilmiş kimi sadəcə kənardan baxırlar. Bircəsinin də hünəri çatmır ki, o terrorçunu yerindəcə məhv etsin, barmağını tətiyə toxundurmağa heç bir sülhməramlının gücü çatmadı... Axı həmin insident zamanı kim zəmanət verirdi ki, o terrorçu erməni ikinci qumbaranı çıxarıb sülhməramlılara atmayacaqdı və ya bizim hərbçiləri növbəti dəfə hədəf seçməyəcəkdi? Görünür, sülhməramlılar heç yalnız terrorçunu zərərsizləşdirəcək, həmin tətiyi çəkəcək qədər belə peşəkar deyilmiş...

Qeyri-peşəkarlıqdan əlavə hələ savadsız olduqlarını da demək olar. Bu bir iddia deyil, bu bir informasiya da deyil, bu, bir ildən bir qədər artıq müddətdə sülhməramlıların ortaya qoyduğu mənzərədən yaranan yekun nəticə, təəssüratdır. Hər halda Rusiya sülhməramlısı bu damğanı da özünə yaraşdırırsa, utanmalı olan onlardır.

Məsələ belədir: Kuryer xidmətinin icrası üçün Xankəndiyə gəlirlər, burada bir məktəbdə uşaqlara geyim paylayırlar. Yenidən kuryerliklə məşğul olduqlarını saymasaq, bura qədər normal görünür. Ancaq sonradan bəlli olur ki, “humanitar yardım” apardıqları o məktəb Monte Melkonyanın adını daşıyır. Əli azərbaycanlıların qanına bulaşan erməni terrorçunun...

Sülhməramlılar arasında isə bircə nəfər bu amilin Azərbaycan xalqında necə böyük qıcıq yaradacağını dərk edə bilmir, buna zehni, düşüncəsi çatmır. Üstəlik sülhməramlılar getdikləri şəhərin adını da bilmirlər. Stepanakert deyə qələmə verdikləri yerin əslində Xankəndi olduğunu bilməyə belə savadları çatmır sanki...Sanki?

Yeri gəlmişkən, bu gün Rusiyada sülhməramlılar günü kimi qeyd olunur. Yuxarıda sadalanan bütün sözləri özləri üçün təbrik mətni kimi qəbul etməyə də zənnimizcə tam haqları çatır. Ancaq əgər aralarında sülhməramlı adına layiq xidmət aparan, tərəflərdən birinə olan sevgisi xidmətinə əngəl yaratmayan, öz adına “əlaltı”, “kuryer” kimi damğaları yaraşdırmayan, ermənilərin təxribatlarına  göz yummamağa and içmiş kimsə varsa, onun da bayramını həqiqətən təbrik edirik!

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri