Noyabrın 2-dən etibarən "20 Yanvar" metro stansiyası ilə "Şamaxinka" adlanan ərazi arasındakı dayanacaqdan daha dörd avtobus marşrutu çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 102, 130, 142 və 159 nömrəli marşrut avtobusları noyabrın 2-dən etibarən Moskva prospektində yerləşən "14 saylı notariat ofisi"nin yanındakı dayanacaq məntəqəsində saxlamayacaqlar.
102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) və ya "Şamaxinka" ərazisində ("Alov zavodu" ilə üzbəüz) minə biləcəklər.
130 və 142 nömrəli marşrutların sərnişinləri isə "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə biləcəklər. Bu marşrutların növbəti dayanacağı "Şamaxinka" ərazisində ("Alov zavodu" ilə üzbəüz) yerləşir.