Azərbaycanın hər yerində olduğu kimi Göyçayda da “20 yanvar” faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, minlərlə göyçaylı 24 il əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların əziz xatirəsini ehtiramla yad edib.
Şəhidlərin qəbrləri üzərinə qərənfil və əklil qoyulub. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər Şəhidlər xiyabanına toplaşıb. Gün ərzində şəhidlər xiyabanında həzn musiqi sədası ilə sakinlər öz qəhrəman oğullarının məzarlarını ziyarət edib.
Rayon sakinləri hələ də onların qanının yerdə qalmasını özlərinə bağışlaya bilmirlər. Şəhid bacısı Zərifə Muradova qardaşının qisasının alınacağı günü gözlədiyini bildirib.
“Qardaşım Mehman Muradov şəhid qardaşlarımızdan biridir. Baxmayarq ki, o hadisədən düz 24 il keçib, lakin onların ruhu narahatdır. Çünki biz onların qisasını ala bilməmişik”, - deyə Z.Muradova bildirib.
Ağdaş rayonunda da şəhidlərimiz yad edilib. “Şəhidlər” abidə kompleksinin önündə anma mərasimi keçirilib. Gün ərzində Şəhidlər xiyabanında həzn musiqi səsləndirilib. Şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, müharibə veteranları və s. ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzüb. Şəhidlərin ruhuna dualar oxunub. Mərasimdə 24 il əvvəl keçmiş Sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətlər yada salınıb.
“20 yanvar” faciəsinin 24-cü ildönümü Qəbələ rayonunda Ümumxalq Hüzn Günü kimi qeyd edilib. Yanvarın 20-də Qəbələ şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi qarşısında anma mərasimi keçirilib. Qəhrəman oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, onların müqəddəs ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər 24 il əvvəl Sovet ordusu tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışaraq qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar.