Bakı şəhəri, metronun “28 May” stansiyasının yaxınlığında pidayalar üçün nəzərdə tutulmuş səki zəbt olunub.
Oxu.Az xəbər verir ki, bundan sonra o yoldan istifadə etmək istəyən vətəndaşlar çətinliklərlə üzləşməli olacaqlar – piyadalar üçün nəzərdə tutulmuş pivəxana-səkidə kimlərsə nərd, domino oynayır, kimlərsə pivə içib əylənir.
Səkidən istifadə etmək istəyən şəxs ya otları tapdalayıb keçməli, ya da həyatını riskə ataraq avtomobillər üçün nəzərdə tutulmuş yoldan istifadə etməlidir.
Və çox maraqlıdır ki, pivəxananın yiyəsi hansı məntiqlə belə bir “yeniliyə” imza atıb? Bəlkə o, istədiyi kimi hərəkət edə biləcəyini düşünür?
Bakı gündən-günə gözəlləşir, lakin cəmiyyətimizin bəzi nümayəndələri belə “ağıllı” hərəkətlərlə bu gözəlliyə böyük xələl gətirirlər.
Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti dəfələrlə bir neçə belə qanunsuz obyektləri bağlayıb, amma nədənsə şəhərin mərkəzində belə bir neqativ halı aradan qaldırmır… yoxsa qaldırmaq istəmir? 
Elvin Əhmədov
www.oxu.az