Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

4-5 yaşlı uşaq boyunda olan 19 yaşlı gəncin problemi həll edildi: Müavinət ala biləcək
"Ağdaş rayon sakini, 2006-cı il təvəllüdlü Vüsalə Tural qızı Ədilova ilə bağlı artıq tibb müəssisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdirilib".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov deyib.
O qeyd edib ki, həmin sənəd əsasında vətəndaşa Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən elektron sistem üzərindən orqanizm funksiyalarının 100% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb.
Vüsalə Ədilova buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş rayon sakini Vüsalə Ədilovanın əlilliyi ilə bağlı müavinətinin kəsilməsi məsələsinə münasibət bildirib.
Qurumdan Oxu.Az-a bildirilib ki, Ağdaş rayon sakini, 2006-cı il təvəllüdlü Vüsalə Tural qızı Ədilovaya təyin olunan əlillik müddəti 27.12.2024-cü il tarixdə başa çatsa da, onun əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb.
Qeyd olunub ki, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir.
"Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər (forma-88) e-sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin", - açıqlama deyilir.
Qurumdan əlavə edilib ki, bu barədə Vüsalə Ədilovanın ailəsinə də məlumat verilib.
19 yaşı olsa da, 4-5 yaşlı uşaq boyunda və çəkisindədir. Vüsalə Ədilovada anadangəlmə yod çatışmazlığı sindromu var.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, o, hazırda nənəsi və anası ilə birgə Yevlax rayonunun Çənlibel qəsəbəsində yaşayır.
Qızın təqaüdü 2 aydır ki, kəsilib. Nənəsi Gülşən Kərimova bildirir ki, qızı ailəsindən ayrıldıqdan sonra onunla birgə yaşayır. Onun yeganə övladı var ki, o da 19 ildir nə danışa, nə də yeriyə bilir. Ona təyin edilən 300 manat pensiya da 2 aydır ki, verilmir.
Ağdaş rayonunun Əmirarx kəndində yaşayan ailə evləri yandıqdan sonra Yevlax rayonun Çənlibel kəndinə köçməli olublar. 19 yaşlı Vüsalə Ədilovanın nənəsi hazırda çətin durumda yaşadıqlarını deyir və pensiyanın bərpa edilməsini istəyir.
Ətraflı süjetdə:
