Məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” saylı Çevik Reaksiya İdarəsinə daxil olur. Qeydə alınan informasiya dərhal operator otağından əməliyyat otağına ötürülür, oradan isə eyni operativliklə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə göndərilir.
Xidmətdə olan əməliyyat qrupu 45 saniyəyə hazırlanır və hadisə yerinə yollanır.
Oxu.Az-ın əməkdaşları bu dəfə liftdə, bağlı qapı arxasında qalan, barmağındakı üzüyü özü çıxara bilməyəndən tutmuş, qəzaya uğramış avtomobildə sıxılmış dəmirlər arasında kömək gözləyən, intihara cəhd edən və başqa fövqəladə hallarla üzləşənlərə qədər adamların xilasına çalışan Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə tanış olmaq üçün idarənin Yasamal rayonu ərazisindəki binasına yollanıblar.
Onların işi növbəli şəkildədir. Hər gün bölmə rəisi şəxsi heyətə baxış keçirir və saat 09:00-da növbənin təhvil-təslim prosesi başlayır. Daha sonra işçilər siyahı üzrə nəqliyyat vasitəsini, onun içində olan avadanlıqları və otaqda olan əmlakı təhvil alırlar. Günorta fasiləsinə kimi onlar binada xilasetmə təlimləri keçirlər. Siqnal gəldikdə isə dərhal hazırlaşıb, çıxırlar...
Xilasedicilər hadisə yerinə ən geci beş-altı dəqiqəyə çatırlar. Xilasetmə əməliyyatı zamanı onlar polis orqanlarına və təcili tibbi yardım xidmətinə məlumat verirlər. Çünki hadisə yerində xilasedicilərin nə ilə qarşılaşacağı bilinmir.
Kiçik arayış: Xüsusi Riskli Xilasetmə Xidməti 2008-ci ildə üç qurumun birləşməsindən yaranıb. Bakıda və Abşeron yarımadasında xidmətin 11 postu var. Həmin postlar elə yerləşdirilib ki, onlar arasında məsafə böyük olmasın. Bu səbəbdən hadisə yerinə tez çatmaq mümkün olur.
Burada kişilərlə çiyin-çiyinə qadınlar da xilasetmə işlərində çalışırlar. Xidmətə çağırış gələn kimi, növbədəkinin kişi və qadın olmasından asılı olmayaraq, hadisə yerinə yollanırlar.
Əməkdaşların hamısı xüsusi psixoloji təlimlər keçiblər.
Mütəxəssis xilasedici Aynur Məmmədova artıq dörd ildir ki, burada çalışır:
“15 ildir ki, karate ilə məşğulam. Bir çox nəticələrim var. Ən böyük nəticəm isə İsveçrədə dünya Kubokunda olub: iki qızıl medalla Vətənə qayıtmışam. Eyni zamanda, yeddi il respublika çempionu və digər turnirlərin qalibi olmuşam. Buraya işə düzələn zaman da Xüsusi Riskli Xilasetmə Xidmətini seçdim, çünki kimliyindən asılı olmayaraq, çətinə düşən insana kömək etmək qürurvericidir. Hər bir zərərçəkmiş baxışları ilə sanki “məni xilas et” deyir. Həyatı təhlükədə olan, intihara cəhd edən adamlar üçün xilaskar olduğumuzu duyanda rahatlıq tapırıq”.
O deyir ki, zərərçəkənlər psixoloji cəhətdən çox gərgin olurlar:
“Onlarla düzgün münasibət qurmağa çalışırıq ki, yanlış addımdan çəkinsinlər. Çağırışlara gedən zaman zərərçəkmişlərə yad insan kimi yox, öz doğmam kimi yanaşıram. Bəzən intihara cəhd edənlərin bu addımı atmaq istəmədiklərini görürük. Burada əsas alətimiz sözdür və həmin adamı fikrindən daşındırırıq. Bu yaxınlarda metronun “Memar Əcəmi” stansiyasında kişi çoxmərtəbəli binaya çıxıb, intihara cəhd etmişdi. Həyat yoldaşı isə əlində ərinin pencəyi ağlayırdı. Biz onunla psixoloji söhbətlər apardıq. Həmin şəxs, sadəcə, kömək istəyirdi və onu xilas etdik. Hər bir insanın həyatını xilas etdikcə sevinc və qürurumuzun həddi-hüdudu olmur”.
Kişilərlə çiyin-çiyinə çalışan Aynur Məmmədovanın xidməti bir daha sübut edir ki, Azərbaycan qadını zərif vücuduna rəğmən, istənilən çətin missiyanı yerinə yetirməyə qadirdir.
Xilasedicilər axtarış-xilasetmədə hidrokam deyilən xüsusi aparatdan istifadə edirlər. Aparat dağıntı altında qalmış zərərçəkmişi, yaxud meyiti təyin edir. Təxminən 30 santimetr uzunluğunda qurğudur və baş hissəsində balaca kamerası olan zond vasitəsi ilə dağıntı altına salınır. Kameraya aparat vasitəsi ilə nəzarət edilir. Aparat əməliyyata başçılıq edən xilasedicinin qoluna bağlanır.
Xilasedici bölmə rəisi Vüsal İsmayılov isə deyir ki, əməliyyatın çətin və ya asan olduğunu yalnız hadisə yerində bilirlər:
“2008-ci ildən burada çalışıram. Bizdə 24 saatlıq iş qrafikidir. Dəstə heyətimiz növbəli şəkildə işləyir. Hadisə yerinə gedəndə hansı hadisə ilə qarşılaşacağımızı heç vaxt düşünmürük. Çünki beynimizdə yalnız bir şey olur - hadisə yerində işi səhvsiz başa çatdırmaq. Əgər həmin vaxt kənar şeylər düşünsən, hərəkət edə bilməzsən. Bəzən qapısını açdığımız evdən üç-beş ayın meyiti tapılır...”
“Bu peşə həm qürur verir, həm də məsuliyyəti ağırdır. Təhlükəsizlik qaydalarına əməl etməklə işləməyə borcluyuq. Məsələn, qəzaya düşən avtomobildə sıxılıb qalmış insanı elə çıxarmalıyıq ki, bir əzələsi tərpənməsin. Bizim əməkdaşlar xüsusi təlim keçiblər və təhlükəsizlik qaydalarına əməl edirlər. Bəzən olur ki, insanlar biz hadisə yerinə gələnə kimi qəzada sıxışıb qalmış şəxsə kömək etməyə çalışırlar. Bu, düzgün deyil. Çünki zərərçəkmişi oradan çıxarmağın üsulları var”.
Amma xilasedici heyət bəzən problemlərlə üzləşir. Yollardakı tıxaclar onlara ciddi maneədir.
Onlar beynəlxalq xilasetmə əməliyyatlarında da iştirak ediblər.
Bölmə rəisi deyir ki, onlar üçün ən yaddaqalan hadisə 2011-ci ildə Van zəlzələsi olub:
“120-yə yaxın əməkdaşımız Vanda dağıntılar altında qalmış insanların çıxarılması üçün xilasetmə əməliyyatları keçirdi. Həmin vaxt 12 nəfəri sağ halda uçqunların altından çıxarmışıq. Təəssüf ki, çıxardıqlarımızın 60 nəfəri artıq ölmüşdü. Ən önəmli olanı zəlzələdən 104 saat sonra kinoloqlarımız canlı insanı çıxarıblar. 108 saatdan sonra ən axırıncı canlını biz xilasedicilərimizlə heç bir zərər çəkmədən çıxarmışıq”.
Qurumun tərkibində xüsusi mütəxəssislər də çalışırlar. Qurum minaaxtaran avadanlıqlarla, partlayıcı maddələri zərərsizləşdirmək üçün xüsusi aparatlarla təchiz olunub. Bəzi xilasetmə postlarında qar uçqunu altında qalmış insanı tapmaq üçün xüsusi cihazlar da var.
Bundan başqa, xidmətin xüsusi təyinatlı təlim itləri meyit çıxarmaq, partlayıcı maddələri, təhlükəli əşyaları müəyyən etmək qabiliyyətinə malikdirlər.
Heyət hər bir prosesi başa çatdırıb, idarəyə qayıtdıqdan sonra iclas keçirib hadisələri dəyərləndirir. Çünki bu işdə buraxılmış səhv insan həyatı bahasına başa gələ bilər.
Qəhrəman xilasediciləri heç bir təhlükə qorxutmur. Əksinə, xilas etdikləri insanın üzündə gördükləri təbəssüm onlara böyük sevinc gətirir.
Bu gün onların günüdür. Çətin peşədə onlara uğurlar arzulayırıq!
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi 16 dekabr 2005-ci ildə yaranıb.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər