Bu ilin yanvar ayında 1690 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 291 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Ay ərzində 2239 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, onlardan 12-nin ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 246 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.
6695 əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı müraciət daxil olub. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 55 543 əcnəbinin müraciəti qeydə alınıb.