Türkiyənin “Kanal D” telekanalında yayımlanan Cüneyt Özdəmirin aparıcılıq etdiyi “5N1K” proqramına bu həftə Adnan Oktarın “kedicikləri” - Didem Törəyər, Aylin Kocaman, Ceylan Özbudak, Damla Pamir və Ebru Altan qonaq olublar.
Oxu.Az xəbər verir ki, teleaparıcının ünvanladığı suallara maraqlı cavablar verən “kediciklər” hər kəsi təəccübləndirib.
Demək olar ki, hər günTürkiyə mətbuatı və mediasının müzakirə mövzusu olan Adnan Oktarın Türkiyəyə tanıtdığı “kediciklər” “Nə işlə məşğuldurlar?”, “Təhsil alıblarmı?”, “Necə həyat tərzi keçirirlər?” kimi suallara münasibət bildiriblər.
“Heç birimiz plastik əməliyyat olunmamışıq”.
Cüneyt Özdəmirin “Siz bir-birinizə çox bənzəyirsiniz” sözlərinə cavab verən Didem Törəyər bunları söyləyib:
“Bu, bizim ruhumuzun bir olmasından irəli gəlir. Hansısa plastik-estetik həkimimiz yoxdur. Heç birimiz plastik əməliyyat olunmamışıq”.
“Niyə başınızı bağlamırsınız?”.
Cüneyt Özdəmirin “Niyə hicab bağlamırsınız?” sualına isə DidemTörəyər “Mən Quranda hicabın fərz olduğunu görmürəm. Aramızda hicab bağlayan da var, çarşab geyinən də. Hamısı da çox yaxşı müsəlmandırlar”-, deyə cavab verib.
“Həmişə birlikdə yaşayırsınız?”.
Cüneyt Özdəmirin “Həmişə birlikdə yaşayırsınız? Lüks evlərdə şəkilləriniz var” sualına Aylin Kocaman “Birlikdə yaşamırıq, amma həmişə birlikdə vaxt keçiririk. İnsanlarda belə bir düşüncə var: Müsəlman qadınlar qapalı geyimdə olsun, kasıb olsun. Biz bu düşüncəni dəyişmək istəyirik”,- deyə cavab verib.
“Hocamıza aşiq olmamaq mümkün deyil”.
Aparıcının “Adnan Oktara aşiq ola bilərsinizmi?” sualına cavab verən Didem Törəyər bunları dilə gətirib:
“Orada sevginin çox səmimi yaşandığı bir mühit var. Bizim hocamıza olan sevgimiz ekranlara, ancaq bu qədər yansıya bilir. Həm buradakı rəfiqələrim, həm sizin ekranda gördüyünüz rəfiqələrimiz, həm də üzünü görmədiyiniz yüzlərlə insan o qədər coşğun sevgi duyurlar ki, onu dilə gətirə bilmək üçün hansı sözü seçəcəyimizə çətinlik çəkirik. Onun gözlərini yaxından görən hansı qadın olursa-olsun, ona aşiq olmaması mümkün deyil. Onu görən hər kəs ona aşiq olur”.
Dindən danışan “kedicik” “İkindi namazı neçə rükət qılınır?” sualından yayındı.
Bir tamaşaçının “İkindi namazının neçə rükət olduğunu bilirsinizmi?” sualına cavab verən Didem Törəyər “Mən 18 yaşından bəri namaz qılıram. Hocamızla tanış olandan bəri. Tamaşaçımıza çox maraqlıdırsa, internetdən ikindi namazının neçə rükət olduğunu öyrənə bilər”, - deyə sualdan yayınaraq, cavab verə bilməyib.
Aytən Sadıqzadə