Paytaxtda köhnə avtobuslarla bağlı problemlər davam edir. Növbəti şikayət Sabunçu və Yeni Günəşli qəsəbələri istiqamətində hərəkət edən 55 nömrəli marşrutla bağlıdır.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sərnişinlərin sözlərinə görə, sözügedən marşrut xətti üzrə avtobuslar köhnə olduğu üçün tez-tez yolda nasazlıq halları baş verir. Bu vəziyyət avtobusların hərəkət intervalına da təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, 55 nömrəli marşrut xəttində avtobusların bir qismi yenilənib. Proses davam etdirilir.
"Marşrutun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervalın pozulması ilə nəticələnə bilir. Buna baxmayaraq, daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib", - deyə açıqlamada qeyd olunub.