Masallı rayonunun Şatıroba kənd sakini 79 yaşlı Əliniyaz Nəzərovun imtina etdiyi əkiz körpələri 1 saylı körpələr evindən alınaraq ailəsinə verilib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Allahın 79 yaşında iki əkiz övlad payı verdiyi Nəzərovlar ailəsi körpələrin dünyaya gəlişinin əsl sevincini bu gün yaşayıb.
Rayon icra hakimiyyətinin maddi və mənəvi dəstəyi, həm də hüquqi yardımı sayəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının ayırdığı tibbi personalın müşayiətilə körpələr evindən gətirilən əkizlər dünən axşam saatlarında ailəsinə təhvil verildi.
Həkim Qənimət İsmayılova deyir ki, uşaqların vəziyyəti kafidir, sağlamdırlar, ana südü ilə qidalanırlar.
Masallı Rayon Mərkəzi Xəstəxanasının böyük həkimi əkizlərin daim həkim nəzarətində saxlanacağını və anaya kömək məqsədilə tibb bacısının ayrılacağını bildirdi. Yeni doğulan körpələrə lazım olan ləvazimatlar da məhz xəstəxana kollektivinin hədiyyəsidir.
Nəzərovların 15 günlük həsrətinə son qoyuldu. Axır ki, əkiz körpələr evlərinə gəldi. İndi bu ailədə 3 oğlan və 2 qız böyüyür.
Əliniyaz kişi əkizlərinin geri dönüşündə ona yardımçı olanların hamısına duaçıdır.
“Şükür Allaha! Allah uşaqları bura göndərənin canını salamat eləsin, Allah onlara çörək versin”.
Xatırladaq ki, Nəzərovlar ailəsi bu il avqustun 28-də üç uşaqdan sonra dünyaya gələn 2 əkiz övladından imtina etmişdi. Masallı Rayon İcra Hakimiyyəti aztəminatlı ailəyə hər cür yardım ediləcəyini öhdəsinə götürdükdən sonra ailə fikrindən daşınmışdı.