Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ və Aİ-nin siyasi riyakarlığı: Azərbaycan qurulan oyunların fərqindədir - ŞƏRH + FOTO
2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də birsutkalıq antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi regionda sülhə unikal imkan yaradıb. Ayrı-ayrı dövlət və hökumət başçıları, rəsmiləri bunu tarixi fürsət adlandırırlar.
Doğrudur, Bakı və İrəvan arasında yekun sülhə mane olan müəyyən məqamlar hələ də qalır. Məsələn, Azərbaycanın 8 kəndinin işğalı altında olması, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu, minalı ərazilərin dəqiq xəritəsinin rəsmi Bakıya təhvil verilməməsi və s. Qonşu dövlət daxilindəki revanşist qüvvələrin fəallaşması, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin lazımi siyasi iradə ortaya qoya bilməməsi, kənar güclərin təhriki və təzyiqi ilə hərəkət etməsi məsələni bir az da çətinləşdirir. Azərbaycan hər dəfə olduğu kimi, yenə də öz işini müstəqil yerinə yetirəcək. Bakının bunun üçün kimsənin vasitəçiliyinə, təəssübkeşliyinə ehtiyacı yoxdur. Azərbaycan ötən illərdə bunu sübut edib.
Həmçinin beynəlxalq aktorlar da iç üzlərini göstərirlər. 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində heç bir iş görməyən ABŞ öz riyakarlığını davam etdirməkdədir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller martın 26-da keçirdiyi brifinqdə deyib ki, ölkəsinin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.
“Ermənistan və Azərbaycan hökumətləri ilə hər əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir”, - deyə o bildirib.
Martın 18-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olub. Xarici işlər naziri Ceyhun Bayramov görüş zamanı regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə edilib. Nazir Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb, sülh prosesinə sadiqliyini bildirib.
Verilən bəyanatlar da, səfərlər də öz-özlüyündə yaxşı haldır. Amma ötən illər ərzində nə bu açıqlamalar, nə də səfərlər nəticə verib. Etiraf etmək lazımdır ki, bu gün ABŞ dünyanın əsas güclərindən biridir. İstəsə idi çoxdan normallaşma prosesinə töhfə verərdi. Mövcud mənzərə isə yalnız iki versiyanı ağlabatan edir: ya ABŞ Ermənistanın və xüsusilə erməni lobbisinin əlində aciz qalıb, ya da sadəcə qeyri-səmimidir.
Əvvəla, praktik baxımdan bu versiyaların hər ikisində həqiqət ola bilər. Belə ki, ABŞ-də erməni lobbisi və diasporu kifayət qədər güclüdür. Onlar dəfələrlə Konqresin qərarlarına da müdaxilə etməyə nail olublar. Məsələn, 2023-cü ilin fevral ayında ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilmişdi. Belə nümunələr çox çəkmək olar.
İkincisi, ABŞ-nin xarici siyasət kursu üçün ən səciyyəvi detallardan biri daimi münasibətlər yox, daimi maraqlar prizmasından hərəkət etməsidir. Ağ Evin Yaxın Şərqdə, Şərqi Avropada etdikləri bunu təsdiqləyir. Gürcüstanda keçmiş Prezident Mixail Saakaşvilinin uğursuzluğu da buna nümunədir. Bu gün eyni taleyi Ukrayna lideri Volodimir Zelenski yaşamaqdadır. Ermənistan baş naziri Nikol Paşinyanın da növbəti qurban olması istisna deyil.
Çünki ABŞ öz maraqları naminə faktiki olaraq Ermənistandan istifadə edir. Vaşinqtonun maraqları Cənubi Qafqazda təsir imkanlarının gücləndirilməsini, Rusiyanın bölgədəki “rıçaqlarının” zəiflədilməsini nəzərdə tutur. Elə buna görə də zaman-zaman Ermənistandakı mövcud iqtidardan istifadə edir. N.Paşinyan bütün çətinliklərə, hətta böhranlara baxmayaraq, indiyə qədər hakimiyyətdə qalmasına görə məhz ABŞ-yə minnətdar olmalıdır. Səbəb də odur ki, Qərbin Paşinyanla bağlı planları hələ bitməyib. Yeri gəlmişkən, xatırladaq ki, 2018-ci ildə Paşinyana hakimiyyətə gətirən də məhz Qərb olmuşdu.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ rəsmiləri sülhlə bağlı bəyanatlarında səmimi deyillər. Çünki sülh təmin olunarsa, ABŞ-nin regiona təsir imkanları xeyli azalacaq, ümumiyyətlə, bölgədə üçüncü gücə ehtiyac qalmayacaq. Odur ki, ABŞ zaman-zaman sadəcə “mən buradayam” deyir və Rusiyanın Cənubi Qafqazda hərəkət etməsinə mane olmağa çalışır.
Əslində ABŞ siyasəti ilə özünü ifşa edir. Belə ki, Vaşinqton balanslı davrandığını iddia etsə də, açıq-aşkar Ermənistanı dəstəkləyir. Məsələn, aprelin 5-də Brüsseldə ABŞ, Ermənistan və Avropa İttifaqı arasında müştərək konfrans keçiriləcək. Sual yaranır: Xeyir ola? Məqsəd nədir? Azərbaycan Xarici İşlər Nazirliyinin martın 27-də yaydığı bəyanatda bildirilib ki, 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Bakı heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb. Təkcə bu fikrin özü Qərbin, o cümlədən ABŞ-nin ikili standartlarının ifşası baxımından əhəmiyyətlidir.
Nazirlikdən o da bildirilib ki, bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.
Ehtimal etmək olar ki, sözügedən konfransdan sonra Ermənistanın aqressiv ritorikası güclənəcək, İrəvan sülhdən yayınmağa çalışacaq. Çünki həm Brüssel, həm də Vaşinqton onun “başının altına yastıq qoyurlar”. Beləliklə, Ermənistan özünü təhlükəsizlik hiss etməklə yanaşı, həm də aldığı direktivləri yerinə yetirir.
Tarix siyasi riyakarlıqlara lazımi qiymət verir. ABŞ və Aİ bunu unutmamalıdır. Azərbaycana qarşı məkrli plan kağız üzərində qalacaq. Tarix isə buna layiqli qiymət verəcək.
“Report” İnformasiya Agentliyi
Rəylər