Abşeronda 27 yaşlı oğlan xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə ötən gecə rayonun Güzdək qəsəbəsində baş verib.
Abşeron sakini 1994-cü il təvəllüdlü R.Nemətov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a bildirilib ki, yaralının vəziyyəti stabildir:
“Şəxs xəstəxanaya qarın nahiyəsindən xəsarətlə daxil olub. Ona sol qarın divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. O, dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti stabildir”.
DİN Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olan R.Nemətovun dindirilməsi hələlik mümkün olmayıb, cərrahi müdaxilə olunub:
“İlkin məlumata əsasən, həmin şəxsin bədəninə dam örtüyü olan şifer batıb. Məlumatın doğru olub-olmaması Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırılır”.
Könül Cəfərli