Ölkədə satışa çıxarılan bəzi çörəklərin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) münasibət bildirilib.
Oxu.Az-a verilən məlumata görə, sözügedən qlüten maddəsi buğda başda olmaqla, bütün dənli bitkilərin tərkibində olan elastik protein qrupundan olan zülaldır.
Qida məhsullarının tərkibində istifadəyə yararlı heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Qlüten maddəsi dad, qoxu cəhətdən xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.
Arpa, yulaf, buğda, çovdar kimi dənli bitkilərin əksəriyyətinin tərkibində olan qlüten daha çox çörək xəmiri hazırlanarkən istifadə olunur.
Agentlikdən verilən məlumata görə, qlüten maddəsi bitki mənşəli olduğundan insan orqanizminə faydalıdır. Əksər insanlarda qlüten mədə-bağırsaq tərəfindən asanlıqla mənimsənilir. Lakin bəzi insanlarda qlütenə qarşı həssaslıq müşahidə edilir. Belə insanlara çölyak xəstəliyi diaqnozu qoyulur və absorbsiya pozuntuları ilə müşayiət olunur:
“Yəni qida qəbulu zamanı bəzi qida elementləri bağırsaqlar tərəfindən mənimsənilmir. Nəticədə, orqanizmin immun sistemi zəifləyir, bir sıra xəstəliklərin yaranmasına və xroniki hal almasına şərait yaranır. Bundan başqa, qlütenə qarşı həssaslıq göstərən orqanizmlərdə şişkinlik, qəbizlik, inkişafdan qalma, bir sıra dəri xəstəlikləri, yorğunluq müşahidə olunur”.
Könül Cəfərli
Rəylər