Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri Ağsu və Kürdəmir rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində fəaliyyətə başladı. Açılış mərasimlərində rayon icra hakimiyyətlərinin nümayəndələri, Gənclər Fondunun icraçı direktorunun müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak edib.
Açılış tədbirlərində gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində Azərbaycan gənclərinin artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəkləri, bunun böyük mənəvi və psixoloji mənasının olduğunu xüsusilə vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Tədbirlər daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.
Ağsu və Kürdəmir gəncləri həmçinin, “Gənc Könüllü” proqramına qoşulmağa dəvət ediliblər.
Bununla da, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 45-ə çatıb. Bu il ərzində ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.