Dövlət əhəmiyyətli sosial layihələrdə daim aktiv rol oynayan “Akabe İnşaat”, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin birgə səyi ilə bir müddət əvvəl başladılmış “Məşğulluq marafonu”na qoşulub.
Artıq 21 ildir ki, inşaat sektorunda fəaliyyət göstərən “Akabe İnşaat”, keramoqranit, kafel, metlax, mozaikalar, hamam aksessuarları, santexnika məhsulları, vannalar, suqarışdırıcılar, duş və duş kabinləri və digər məhsulların satışını reallaşdırır. Avropa və Asiyanın aparıcı markalarını yerli bazarda təmsil edən “Akabe” MMC-nin əsas missiyası Avropa keyfiyyətini yerli bazarda daha sərfəli qiymətə təqdim etməklə, ölkə iqtisadiyyatında, xüsusən də qeyri-neft sektorunda rəqabətədavamlı mühitin formalaşmasına töhfə verməkdir. Bu səbəbdən də “Akabe İnşaat”ın “Məşğulluq Marafonu” kimi geniş miqyaslı, sosial və iqtisadi baxımdan əhəmiyyətli dövlət layihəsini dəstəkləməsi təsadüfi deyil.
Məlumat üçün qeyd edək ki, “Məşğulluq marafonu” layihəsinin məqsədi Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin işlə təmin olunmasıdır. Bu mövzuda olan layihələrin ölkə iqtisadiyyatına müsbət təsirinin fərqində olduğu üçün, “Akabe İnşaat” da öz növbəsində şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisini işlə təmin edərək, marafonu dəstəklədi. İl sonunadək davam etdirilməsi düşünülən bu layihədə kiçik, orta, iri müəssisələr asanlıqla iştirak edə bilər. “Akabe İnşaat” olaraq bu xoşməramlı marafonu davam etdirməyi düşünür və miqyasından asılı olmayaraq bütün şirkətləri qoşulmağa səsləyirik.