Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aksiz daha çox “salon maşınları”nı “vuracaq”: idxal kəskin düşəcək
Azərbaycana 2019-cu ilin aksiz vergisi ilə hələ avtomobil daxil olmasa da, 2018-ci ilin sonundan bazarda qiymətlər artmağa başladı. Hətta aylarla satışda qalan avtomobillər belə “alverçilər” tərəfindən dərhal alındı.
Oxu.Az xəbər verir ki, hazırda maşın bazarında 10 faizə qədər bahalaşma baş verib.
İkinci əl maşın bazarında qiymət xaosu var və bu vəziyyətdən istifadə edən satıcılar arasında işlənmiş avtomobilin üzərinə 1000 manat və daha çox pul qoyanlar da var.
Ötən il 1998-ci ilin avtomobilini yeddi min manata satan indi səkkiz min manata qaldırıb. Halbuki 2019-cu ildən aksiz markasının 50 faiz qalxması daha çox iritutumlu mühərrikə malik avtomobillərin qiymətinə təsir edəcək, yəni kiçik həcmli avtomobillərin qiymətinə çox cüzi təsir etməlidir.
Üstəlik, elə avtomobillərə daha çox təsir etməlidir ki, onlar məhz 2019-cu ildə idxal edilib.
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərin Oxu.Az-a verdiyi açıqlamaya görə, 2019-cu ildə Azərbaycana gətirilən komfortlu avtomobillərin sayı kəskin azalacaq.
“Hələ 2018-ci il yanvarın 1-dən aksiz vergisi 80 faiz artırılmışdı və bu, iri mühərrikli avtomobillərin satışına ciddi təsir etdi. 2019-cu il yanvarın 1-dən aksiz vergisi 50 faiz də artırıldı. Təbii ki, yenidən azalma olacaq, distribüterlər iri mühərrik həcmli avtomobilləri gətirməyəcək və idxal da düşəcək”.
Bu informasiyalar isə dərhal ikinci əl avtomobillərin qiymətinə təsir göstərdi və artıq ötən ilin sonlarından bahalaşma səviyyəsi 5-10 faiz arasındadır. Yəni avtomobil illər boyu Bakıda sürülür və yanvar ayının 1-dən ölkəyə idxal olunan avtomobillərin qiymətinin qalxacağını eşidən satıcı 1998-ci ilin avtomobilinin qiymətini yeddi min manatdırsa, səkkiz min manata qaldırır. Halbuki rəsmi dilerlər və salonlar belə avtomobil 2018-ci ildə idxal olunubsa, onu 2019-cu ilin idxal qiymətləri əlavə olunmaqla sata bilməz.
Eldəniz Cəfərin sözlərinə görə, bu, qanuna ziddir və vətəndaşlar diqqətli olmalıdırlar. Əgər dilerdən belə 2018-ci ildə idxal olunmuş avtomobili alırsa, köhnə qiymətlə almalıdır. Avtomobillər 2019-cu ildən ölkəyə daxil olduğu halda, yeni aksiz rüsumu əlavə edilə bilər, əks halda, qiymət süni şəkildə artırılıb və buna etiraz etmək lazımdır.
“2005-ci ildən əvvəlki istehsal tarixinə malik avtomobillərin ölkəyə idxal olunması qadağandır. Avtomobilin idxalı ilə bağlı informasiyalar daxilolma sənədlərində, “texpasport”da öz əksini tapır. Azərbaycan bazarında qiymət artımını edənlər isə köhnə, yəni 2019-cu ildən əvvəl gətirilmiş avtomobillərin sahibləridir. 2005-ci ilin maşınını 10 faiz artımla satmaq doğru deyil, əlbəttə, bazardakı tələb və təklifin də rolu var, ancaq 2-3 faiz bahalaşa bilər, daha 10 faiz yox”.
“Salon avtomobilləri” ilə bağlı yeni qiymətlər isə hələlik gözə dəymir. Səbəbini E.Cəfər belə izah edib:
“Yeni ilin ilk günləridir, hələlik yeni avtomobil idxal olunmadığından rəsmi dillerlərdə qiymətlər 2018-ci ildəki vəziyyətdədir. Yanvardan başlayaraq avtomobil gələndə onun üzərində artırılan aksiz vergisinin dəyəri əlavə olunaraq satılacaq. Bu, o deməkdir ki, avtomobillərin qiymətində 5 faiz civarında artım olacaq. İri mühərrikli avtomobillərdə bahalaşma isə 10 faiz təşkil edə bilər”.
Nümunə üçün deyək ki, 2.5 litr mühərrik tutumlu avtomobilin qiymətində 1000 manat civarında fərq yaranacaq, bu isə kifayət qədər ciddi rəqəmdir. İri mühərrikli avtomobil satan distribüter və dilerlər ümumilikdə qiymətlərin artmasında maraqlı olmasalar da, artım baş verəcək və təbii ki, bu da nəticədə bazara pis təsir göstərəcək, ekonom avtomobillərə tələbat artacaq.
“İkinci əl avtomobil bazarında qiymətlər nəzarətdən çıxıb. Eşidiblər ki, aksiz vergisi artıb, avtomobillərin qiyməti qalxır, hamı fikirləşir ki, gəlin, bizdə qaldıraq, əslində, artım yeni idxal olunan avtomobillərə aiddir. Bayram günlərində bazarda müşahidə apardım və gördüm ki, işlənmiş maşınların qiymətləri 10-15 faiz bahalaşıb. Bu, artıq süni qiymət artımıdır və belə etmək olmaz”.
Qeyd edək ki, hazırda Azərbaycanın avtomobil bazarında müxtəlif markalı maşınların satışına rast gələ bilərik. Bunların arasında ekonom avtomobillər üstünlük təşkil edir. Üstəlik, bu ildən Azərbaycan da öz avtomobillərinin istehsalını artırmağı planlaşdırıb, bu isə o deməkdir ki, diler onsuz da bazarın daraldığını görür, ona görə də qiymətlərdəki fərqin ciddi şəkildə böyüməsində maraqlı deyil.
“İstehsalçılar və idxalçılar imkan verməyəcəklər ki, yerli diler fürsətdən istifadə edib, qiyməti artırsın. Xaricdə oturan istehsalçı bunu istəmir”.
Məlumat üçün bildirək ki, 2018-ci ildə 2017-ci ilə nisbətən Azərbaycana avtomobil çox gətirilib. 2016-cı ilə nisbətdə isə 2017-ci ildə çox gətirilib. Amma 2016-cı ildə 2015-ci ildən az avtomobil idxal edilib. Bu isə devalvasiya və post-devalvasiya dövrünün nəticəsidir.
Böhrandan sonra bazar stabilləşsə də, bu, böhrandan öncəki dövrdə gətirilən avtomobillərin sayına çatmır. Nümunə olaraq, 2012-2013-cü ildə Azərbaycana 200 min irihəcmli avtomobil idxal olunub. Lakin 2017-2018-ci ildə cəmi 30 min iri mühərrikli avtomobil gətirilib, bu isə kəskin fərqi göstərir.
Aksiz vergisinin artırılmasının səbəblərinə gəlincə, E.Cəfər iki amili xüsusi vurğuladı: ilk növbədə daxili istehsala dəstək və eyni zamanda, büdcəyə daxilolmaların artırılması.
“Açıqlaması isə çox sadədir: komforta görə əlavə vergi ödəməlisən. Əgər sən dəbdəbəni və təhlükəziliyi çox sevirsənsə, onda daha çox pul ödə”.
İlhamə Abdullayeva
Rəylər