Xəzər rayonunun Albalılıq yaşayış massivinin sakinləri evlərinin yaxınlığında yerləşən transformatorun təhlükə yaratdığını bildirirlər.
Onların sözlərinə görə, güclü külək və yağış zamanı qısaqapanmalar baş verir, kiçik partlayış səsləri eşidilir.
Sakinlərin əsas narahatlığı transformatorun yaşayış evləri ilə yanaşı, qaz xəttinin də yaxınlığında yerləşməsidir. Onlar baş verə biləcək nasazlığın yanğına və daha ağır hadisəyə səbəb ola biləcəyindən ehtiyat edirlər.
"Son illərdə güclü yağış və külək zamanı bir neçə dəfə kiçik partlayışabənzər səs eşidilib. Səhər gəlib nasazlığı aradan qaldırıblar və problemin təkrarlanmayacağını deyiblər. Amma transformator evimin yaxınlığındadır. Qorxuram ki, mən evdə olanda, yaxud olmayanda yanğın və ya partlayış baş verə bilər", - deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar transformatorun yerinin dəyişdirilməsi üçün aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Onların iddiasına görə, bunun üçün 20 min manat tələb olunub.
Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilib. Qurumdan bildirilib ki, Buzovna qəsəbəsinin Məmməd Namazov küçəsində yerləşən komplekt transformator məntəqəsi 2004-cü ildə ərazinin şəhərsalma baş planına uyğun şəkildə quraşdırılıb.
Açıqlamada qeyd olunub ki, transformatorun yerləşdirilməsindən sonrakı illərdə onun ətrafında çoxsaylı tikinti işləri aparılıb. Hazırda məntəqə işlək vəziyyətdədir.
Qurumun məlumatına görə, vətəndaşlar transformatorun iş qabiliyyətindən narazıdırlarsa və ya onun yerinin dəyişdirilməsini istəyirlərsə, müvafiq sənədlərlə birlikdə "ASAN xidmət" və ya "ASAN Kommunal" mərkəzinə müraciət etməlidirlər. Yalnız rəsmi müraciətə baxıldıqdan sonra məsələyə müsbət və ya mənfi cavab verilə bilər.