"Dünən bizə bildiriş gəldi ki, məktəb bağlanır və əmək müqavilələrimizə sentyabrın 14-dən xitam veriləcək".
Bunu Oxu.Az-a açıqlamasında Daşbulaq kənd orta məktəbinin riyaziyyat müəllimi Yusif Qarayev deyib.
"Bu məsələ ilə bağlı bir neçə aydır ki, gedib-gəlirik, amma indiyədək bu boyda kəndin məktəbini məhv edəcəklərinə inanmırdıq. Əvvəldən demişdilər ki, müəllimlərin hər biri boş yer olan kənd məktəblərinə yerləşdiriləcək. Mənə də Oxud kəndində dərs saatı təklif ediblər. Mən isə bildirdim ki, məsələ dərs saatında deyil. Məktəbin bağlanması kənd üçün çox ağır nəticələr doğuracaq. Kənddə iki ayın içində bağça bağlanıb, kitabxana bağlanıb, mədəniyyət evi də fəaliyyət göstərmir. Bircə təhsil ocağı - məktəb qalıb. Əgər bunu da bağlayırsınızsa, kənddə heç bir ictimai və sosial obyekt qalmayacaq.
Mənim üçün əsas məsələ maddiyyat deyil. Məni kənd camaatının və balaca şagirdlərimizin taleyi maraqlandırır. Bu mənim ürəyimi ağrıdır.
Bildiriş gəldikdən sonra bunu sosial şəbəkədə paylaşdım. Sağ olsunlar, tanıdığım jurnalistlər və dostlar da mövzunu işıqlandırdılar. Bundan sonra rəsmi məlumat verdilər ki, bəs məktəb bağlanmır. Mən də həmin bildirişləri göndərdim ki, əgər bağlanmırsa, bəs bu rəsmi bildiriş nədir? Özləri öz dediklərini təkzib edirlər.
Hazırda məktəbdə təxminən 29-30 şagird təhsil alır. Amma vaxtilə burada 120-125 şagird oxuyurdu. Hətta üç-dörd il əvvəl də məktəbdə 60-a yaxın şagird var idi. Deyirlər ki, şagird sayı azalıb, ona görə məktəb bağlayırıq. Deyirəm, bəlkə səbəbi araşdırasınız ki, bu uşaqlar niyə azalır? Bunun səbəblərini niyə araşdırmırlar?
Kənddə təxminən 80 ev, 500-ə yaxın əhali yaşayır. İndiyədək nazirlikdən bizə heç kim zəng etməyib, amma mətbuata məktəbin bağlanmadığını deyirlər. biz də qalmışıq belə, bilmirik düz söz hansıdır, səhv söz hansı", - deyə Y.Qarayev bildirib.
Məktəbin direktoru Samir Məmmədov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ona məsələ ilə bağlı açıqlama verməmək tapşırılıb.
"Mənə İdarədən tapşırıblar ki, heç kimə müsahibə vermə. Ona görə heç nə deyə bilmərəm".
"Yəni məktəb bağlanır, yoxsa bağlanmır məsələsi ilə bağlı siz heç nə bilmirsiniz?" sualına cavabında isə S.Məmmədov qeyd etdi ki, hələ ki konkret heç nə bilmir:
"5-ci, 9-cu siniflər distant ola bilər. Bildiyim bircə budur. Məktəbimiz 9 illikdir. Ümumilikdə 29 şagird oxuyurdu, bu il də 27 olacaq. Yəni dörd nəfər 9-cu sinfi bitirir, iki nəfər 1-ci sinfə gəlir".
"Əvvəldən sizə məktəbin bağlanacağı ilə bağlı hər hansı bir məlumat verilmişdimi?" sualına cavabında isə direktor qeyd edib ki, onlara əvvəlcədən tapşırmışdılar ki, işçilərə bildiriş göndərilsin.
Şəkinin Daşbulaq kənd orta məktəbinin bağlanacağı ilə bağlı iddialar kənd sakinlərinin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, mövzunu jurnalist Zülfiyyə Quluyeva sosial şəbəkədə ictimailəşdirib.
Qeyd olunub ki, Elm və Təhsil Nazirliyi şagird sayının az olmasını əsas gətirərək məktəbi bağlamağı və təhsili distant formaya keçirməyi planlaşdırır.
Vurğulanıb ki, Daşbulaq kəndində uzun illərdir işsizlik və içməli su problemi olmasına baxmayaraq, sakinlər kənddə yaşamağa davam edirlər.
"Məktəbin bağlanması kəndin tamamilə boşalmasına səbəb ola bilər. Kəndə gedən yolun vəziyyəti qənaətbəxş deyil. Bu səbəbdən şagirdlərin digər kəndlərdə yerləşən məktəblərə gedərək təhsil alması da çətin görünür. Çünki, onları o kəndə bağlayan mənəvi dəyərlər var. Əgər məktəbi də bağlasalar, kənd tamamilə boşalacaq. Kəndin yolu da normal deyil ki, şagirdlər digər kəndlərə gedib təhsil alsınlar. 90-cı illərin sonlarına kimi bu məktəbdə 100-dən çox şagird təhsil alıb. İndi bu say 29 nəfərə düşüb. Büdcədən 400 min manata yaxın pul xərcləyib kənddə 80 yerlik modul məktəb inşa edilib. Bunlar da bir yana, bu məktəbdən neçə insan evinə çörək aparır. Tutaq ki, müəllimlərə başqa kəndlərin məktəblərində dərs verildi. Bəs bu məktəbin xadiməsi, gözətçisi, minimum əməkhaqqı ilə dolanan işçilərinin taleyi necə olacaq?" - deyə şikayətdə bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
"2026-2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin təhsil müəssisəsində onlayn formatda, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tərəfindən təşkili nəzərdə tutulur.
Qeyd edirik ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur".