“Elektron qiymətləndirilmə aparılan zaman səhv ehtimalı olur, çünki xəstə görünmür. Amma hərbi komissiya əyani aparılır və həkimlər xəstəni əyani şəkildə görürlər. Burada səhv ehtimalı çox aşağıdır”.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, bu mövzuya çox həssas yanaşılır:
“Sosial şəbəkələrdə qazilərin əlillik dərəcəsi ilə bağlı paylaşılan məlumatlarla razı ola bilmirəm. Bu il 2200 qaziyə əlillik təyin edilib. Bu proses obyektiv şəkildə aparılır. Müəyyən qazilər var ki, zədəsi, travması var. Amma onların yarası əlillik dərəcəsində deyilsə, onlara əlillik təyinatı aparılmır. Bəzi qazilər bu məsələdən narazı qalırlar. Lakin, onlara vəziyyət izah edilir. Məqsədimiz yalnız haqqı çatan şəxslərin istər qazi, istər digər vətəndaşların əlillik dərəcəsi almasıdır”.
Könül Cəfərli