Tağı Əhmədov nə vəzifəsini dəyişmək fikrindədir, nə də xasiyyətini. Halbuki, hər ikisini dəyişməyin tam məqamıdır.
Oxu.Az xəbər verir ki, bu fikirlər ANS-in “Xəbərçi” proqramında yayımlanan Bakı Metropoliteninin rəisi Tağı Əhmədova həsr olunmuş növbəti video-reportajda səsləndirilib.
Proqramda qeyd olunub ki, Tağı Əhmədovla bağlı dünənki süjetə sosial şəbəkələrdə yanaşmalar müxtəlif olub:
“Kimi bunu təqdir edib, Metropoliten rəhbərinin davranışını pisləyib, kimi də məsələyə başqa prizmadan yanaşıb. ANS-in Tağı Əhmədovu “vurduğunu” düşünüb. Konkret Tağı Əhmədov məsələsinə gəlincə, o özü özünü vurur. Əgər o, bu hərəkətləri son bir ayda ikinci dəfədir ki, ANS-in əməkdaşlarına qarşı yönəldirsə, biz nədən susub durmalıyıq ki? Yoxsa, bu millət qarşısında xidmətimiz Tağı Əhmədovun xidmətlərindən azdırmı?
Hansı ki, o, bu xidməti uzun illərdir ki, göstərir və necə göstərir, nə cür göstərir bu da artıq başqa bir söhbətin mövzusu deyil. Çünki, sən susduqca, adam elə bilir ki, haqlı odur. Hərçənd, Tağı Əhmədovu haqsız çıxarmaq üçün onlarla faktı gözüyumulu sadalamaq olar. Onlardan biri metropolitendəki ticarət obyektlərindən qazanılan milyonlardır ki, bu milyonlardan dövlətin büdcəsinə metropolitenin nə qədər vergi ödədiyi haqda məlumat belə yoxdur.
Metropoliten rəhbəri Tağı Əhmədov bir sıra anlaşılmaz qərarlarını belə izah edir ki, ona yuxarıdan tapşırılanları yerinə yetirir. Maraqlıdır, prezident Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini dövlət səviyyəsində qeyd etmək barədə sərəncam verir. Tağı Əhmədov isə Məmməd Əmin Rəsulzadənin barelyefini metronun 28 may stansiyasından yığışdırır. Deməli, prezident Rəsulzadəyə ehtiram göstərir. Bəs, Tağı Əhmədov kimin tapşırığını yerinə yetirir?”
Qeyd edək ki, dünən də ANS sözügedən proqramda Tağı Əhmədovu sərt tənqid etmişdi.
Həmin video-süjeti təqdim edirik: