ANS telekanalı Tağı Əhmədovu sərt tənqid edib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, dəfələrlə Tağı Əhmədovun kobud davranışlarına məruz qalan ANS-çilər bu dəfə “Xəbərçi”də Metropoliten sədrini topa tutublar.
Belə ki, Tağı Əhmədov “mətbuat”ın düşməni adlandırılıb və Azərbaycan lüğətinə burcutma-filan sözləri ilə yeni-yeni sözlər gətirib deyə tənqid edilib.
“Etiraf edək ki, bu bir qurum rəhbərinə yaraşan danışıq tərzi deyil. Ədəbi dil deyilən bir məfhum da var ki, onu da qəzet və kitablardan öyrənmək olar. Maraqlıdır ki, iynədən tutmuş üsküyə, alt paltarından tumuş muncuğa qədər hər şeyin satıldığı metro staniyalarında qəzet-kitabın satışına yasaq var. Bu yasağı isə metropoliten rəisi ona verilən göstərişlə əlaqələndirir. Maraqlıdır ki, Tağı müəllimə isə heç kim bu göstərişi verməyib. Yasaq götürülsə, bəlkə Tağı müəllimin adı üzərindən bəzi ləqəblər də götürülər.
Ola bilər ki, Tağı Əhmədov peşə fəaliyyəti ilə əlaqədar yerin altında daha çox vaxt keçirir. Görünür, yerin üstündəki mədəniyyət normaları ilə yerin altındakı normalar arasında böyük fərq var”, - deyə, videosüjetdə qeyd olunur.
Qeyd edək ki, bir müddət bundan əvvəl Bakı metrosunda gediş haqlarının artırılıb-artırılmayacağı ilə bağlı ANS TV-nin əməkdaşı Diana Dadaşovanın sualını, metropolitenin rəisi Tağı Əhmədova, jurnalistin mikrofonu kobud şəkildə itələməklə cavab verib.
Həmin video-süjeti təqdim edirik.