Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yaranan antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı təmizlik işləri aparılır.
Bu barədə Oxu.Az-a Xəzər Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sözügedən ərazinin yaxınlığında məişət tullantılarının atılması üçün konteynerlər olduğu halda, tullantıların sakinlər tərəfindən bəzi hallarda məhz nəzərdə tutulmayan ərazilərə atıldığı müşahidə olunur:
"Belə ki, aidiyyəti qurum tərəfindən tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir.
Əlavə olaraq bildiririk ki, hazırda qeyd olunan ünvanda müvafiq təmizlik işləri aparılır".
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, Müslüm Maqomayev küçəsində "köhnə poliklinika" adlanan ərazi zibilliyə çevrilib.
Onlar qeyd ediblər ki, ətrafda yığılan məişət tullantıları vaxtaşırı daşınmadığından küçədə yaranan pis qoxu və həşəratların artması narahatlıq yaradır.
Həmçinin vurğulayıblar ki, antisanitar vəziyyət səbəbindən milçək, ağcaqanadların da sayı hədsiz artıb.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Aygün Mirakif