Şəhərin mərkəzində it gəzdirən şəxslər çox vaxt təhlükəsizlik qaydalarına riayət etmir, itlərini buruntaq olmadan, ağzı açıq şəkildə gəzdirirlər. Üstəlik, sahibli itlər çox vaxt aqressiv it cinslərindən olur, ətrafda dolaşanların adi bir hərəkətindən acıqlanır və hücum edirlər.
Bir sıra Avropa ölkələrində sahibi olan itlərin insanlara hücum etməsinə görə böyük cərimələr nəzərdə tutulur.
Qeyd edək ki, analoji qaydalar Azərbaycanda da tətbiq olunur.
2011-ci ildə Nazirlər Kabinetinin verdiyi sərəncama əsasən, Bakı şəhərində it və pişiklərin saxlanması qaydaları dəyişdirilib. Sərəncama görə, vətəndaş evində 2 it, 1 pişik və ya əksinə 2 pişik, 1 it saxlaya bilər.
Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 nömrəli qərarına əsasən, ev heyvanları saxlayan şəxslər kənar şəxslərin rahatlığını pozmadan, onların ehtiyaclarını vaxtında qarşılamaq şərtilə ev heyvanı sahibi ola bilərlər. Bununla yanaşı, baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində və müəyyən olunmuş ərazilərdə ev heyvanlarını saxlamaq olar.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirildiyi təqdirdə 200 manat miqdarında cərimə tətbiq edilir. Eyni hal təkrarlanarsa, 300 manata qədər, ev itləri ilə bağlı yaranan hər hansı hadisədən xəsarət alan şəxs olarsa, heyvan sahibini 1000 manata qədər cərimə gözləyir.
Ərazi baytarlıq idarələri, sanitar-epidemioloji, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin sözügedən qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər.
Əgər insan itini bilərəkdən kiminsə üzərinə qısqırdırsa, bu zaman ona cinayət işi açıla bilər. Amma it sahibinə tabe olmadan insana hücum edərək onu qorxudur və ya xəsarət yetirərsə, o zaman itin sahibinə yalnız cərimə tətbiq edilə bilər.
Vəhşi Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev Oxu.Az-a bildirib ki, son illər Bakı şəhərində xüsusi təyinatlı cins itlərin sayı artıb.
“Ətraf üçün belə itlər təhlükəlidir. Xaricdə onların ictimai yerlərdə gəzdirilməsinə icazə verilmir".
Qarayev bəzi qaydaların düzgün olmadığını qeyd edib: "Əslində, qaydalar da fərqlidir. Məsələn, elə it növləri var ki, onlara qarşı kobudluq edilsə belə, onlar dişləməyə meyilli deyil və vəhşilik etməz. Amma elə it növləri var ki, onlar çox aqressiv olur və kiçik qıcığa da reaksiya verir. Deməli, aqressiv itlər mütləq şəkildə xüsusi qaydada saxlanmalı və gəzdirilməlidir. Xüsusi xidməti itlər var ki, onları evdə saxlamaq olmaz. Onlar ətraf üçün təhlükə yarada bilər. Məsələn, qoyun iti, pitbull, ovçarka və bu kimi itlər nəzərdə tutulur".