Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb
Bu ilin ötən dövrü ərzində 16 ölkənin müraciəti əsasında 272 xarici müəssisədə qiymətləndirmə aparılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) yayıb.
Qiymətləndirmənin nəticələrinə əsasən, həmin obyektlərdən 214-ü təsdiq, 20-si isə şərti təsdiq olunaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Uyğunsuzluqlar aşkarlandığı üçün İran İslam Respublikasında fəaliyyət göstərən “Yazd Moein Dam Industrial Slaughterhouse Complex” və “Edalat Dam”, həmçinin Monqolustan Respublikasına məxsus “Choibalsan Group” və Pakistan Respublikasında fəaliyyət göstərən “Snow King Frozen Foods” müəssisələrinin təsdiqindən imtina olunub.
Qiymətləndirmə aparılmış 34 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən təsdiqlənməlidir. Bununla bağlı qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər.
2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün AQTA-ya müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksəkriskli qida və yem məhsullarının idxalına isə məhdudiyyət tətbiq olunacaq. Bununla da, həmin müəssisələrdən xüsusi risk qrupuna daxil olan məhsulların respublikamıza idxal edilməsi mümkün olmayacaq.
Ona görə də, istehsal etdikləri qida və yem məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün obyektlər tərəfindən qeydiyyat və təsdiq üçün vaxtında müraciət edilməlidir.
Rəylər