Bəzən tarix səni sınağa çəkir, bəzən torpaq səni çağırır və bəzən bir millətin taleyini bir qərarın böyüklüyü müəyyən edir. Biz bu yolun sonuna döyüşlə də gedə bilərdik, gedərdik. Ancaq o yolun qiyməti çox ağır olardı, minlərlə can, anaların gözündə qurumayan yaş, torpağa qarışan gənclik…
Bu dəfə Azərbaycan başqa yolu seçdi. Ağıllı, səbirli, siyasi gücün hərbi gücü tamamladığı yolu və bu yol bizi işğaldan azad olunan torpaqlara gətirdi. Bu gün Kəlbəcər yalnız azad olunmuş ərazi deyil, yenidən qurulan həyatın mərkəzidir. Ən böyük nümunə isə ümumi uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Layihənin icrası artıq 87 faiz tamamlanıb. Bu yolun qəlbində isə Azərbaycanın yeni mühəndislik möcüzəsi, uzunluğu 11.7 kilometr olan Murovdağ tuneli uzanır. Bu tunel MDB-də birinci, Avropada isə ilk beşlikdə yer alır. Beləliklə, dağların bağladığı yolları Azərbaycan açır, özü üçün, gələcəyi üçün, qayıdan insanlar üçün...
Kəlbəcər şəhərinin Baş Planı artıq təsdiqlənib. 2040-cı ilə qədər burada yeni yaşayış massivləri, dörd məktəb, dörd bağça, iki xəstəxana, geniş ictimai və yaşıl zonalar salınacaq. Artıq birinci mərhələdə 201 ailə üçün yeni çoxmərtəbəli binalar və 39 "townhouse" istifadəyə verilib. Bu torpaqda artıq mina axtaran qollar yox, evinin açarını alan əllər görünür. Bu torpaqda raket səsi yox, texnikanın uğultusu eşidilir. Bu torpaqda qaranlıq keçmiş yox, işıqlı gələcək yazılır.
Bəli, Kəlbəcər döyüşlə də alınardı. Qələbə yenə Azərbaycanın olardı. Amma bu gün biz minlərlə şəhid yox, yurduna-yuvasına qayıdan minlərlə insan görürüksə, deməli, doğru yolu seçmişik. İndi Kəlbəcər təkcə azad olunmuş ərazi deyil. Azərbaycanın yenidən yazdığı bir taledir. Dağların qoynunda çəkilən hər yol, qazılan hər tunel, tikilən hər ev isə bizə bu cümləni xatırladır: Azərbaycan bu torpaqlara təkcə sahib çıxmır, həm də onu yenidən yaradır.
Daha ətraflı Baku TV-nin videomaterialında: