Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Asfaltı qazıb su çəkdilər, amma xətlər tez-tez sıradan çıxır - ŞİKAYƏT
Şəmkir rayonunun Kür qəsəbəsinin bir hissəsində bir ilə yaxındır ki, su xəttinin yenilənməsi işlərinə başlanılıb.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, sakinlər müraciətlərində bildiriblər ki, xətlərin yenilənməsinə baxmayaraq, işlər tam başa çatdırılmayıb. Küçələr qazılıb və su xətləri yenilənib, amma cavabdeh şəxslər qazdıqları əraziləri asfaltlamağı unudublar.
Bu səbəbdən yeni çəkilən su xətləri tez-tez sıradan çıxır.
Qəsəbə sakinləri bu laqeyd münasibətdən narazıdırlar. Onlar bildirirlər ki, xüsusilə qarşıdan gələn qarlı və yağışlı qış aylarında problemlər daha da artacaq və su xətləri daha çox zərər görəcək.
Sakinlər məsələ ilə bağlı dəfələrlə Azərbaycan Su Ehtiyatları Agentliyinə məlumat verdiklərini, amma hələ də müsbət cavab almadıqlarını vurğulayırlar. Onlar su xətlərinin tam təmir olunmasını və asfalt işlərinin yerinə yetirilməsini tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Su Ehtiyatları Agentliyinə sorğu ünvanlanıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, hazırda Kür qəsəbəsində su xətlərinin yenilənməsi layihəsinin müəyyən bir qismi tamamlanıb. Layihənin başa çatdırılması üçün müvafiq mərhələlər tamamlandıqdan sonra ərazilər üzrə yeni su xətləri istifadəyə veriləcək. Layihə tamamlandıqdan sonra müvafiq qaydalara əsasən, qazıntı işlərindən öncə yol infrastrukturunun mövcud vəziyyəti bərpa edilir.
Rəylər