Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 160 fərdi evin həyətini su basıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Astara Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə şöbəsinin əməkdaşı Xanverdi Şirinov məlumat verib.
Onun sözlərinə görə, Astara rayonu Vaqo kəndi ərazisində körpü tamamilə uçub:
“Asma körpünü yağış suları uçurub. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq şöbəsinin əməkdaşları tərəfindən ərazilərdə zəruri tədbirlər görülür. Artıq su yavaş-yavaş çəkilir. Suyun səviyyəsi həddən artıq çox olan bir neçə ailə təxliyə edilib. Hava şəraitində asılı olaraq axşam saatlarında yenidən yağışın intensivləşməsi gözlənilir. Bu səbəbdən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir”.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bəzi yerlərdə suyun səviyyəsi həddən artıq qalxdığına görə yaşayış yerlərini tərk edə bilməyən ailələr təxliyə ediliblər:
“Subasma səbəbindən evdən çıxmaqda çətinlik çəkən 38 nəfərə əməkdaşlarımız tərəfindən köməklik göstərilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür”.
09:52
Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.
APA-nın Cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.
Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərçivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda bölgədə intensiv yağış davam edir.
Könül Cəfərli