Astara sakini Murad Muradov deyir ki, quşçuluğa uşaq yaşlarından marağı olub. Əvvəllər göyərçin, qırqovul və digər quşları saxlasa da, son illər tovuzquşu təsərrüfatı yaratmağa qərar verib.
Oxu.Az Region TV-yə istinadən məlumat verir ki, o, İran, Türkiyə və Rusiyadan gətirdiyi tovuzquşlarını öz həyətində bəsləməklə çoxaldıb.
M.Muradov tovuzquşlarını günəbaxan tumu, qarğıdalı və buğda ilə bəslədiyini deyir. Həyətində isə 5 növ tovuzquşu var.
Bu quşlar nadir olduğu üçün bahadır. Qiymətlər 1000 manatdan başlayaraq növünə görə dəyişir.
Təsərrüfat sahibi isə qiymətlərin yüksək olmasını belə izah edir:
"3 il onların üzərində əziyyət çəkməlisən ki, belə gözəllikdə olsunlar. 2 il tamam olmadan bu quşlar bala vermirlər. Əziyyətinə görə də qiymətlər belədir".
Ən bahalı növ isə Yava tovuzquşudur. Belə ki, bu quşun bir cütünün qiyməti təxminən 3000 manatdır.
E.Ə.
www.oxu.az