Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Atalıq məzuniyyəti” yenidən gündəmdə: Mentalitetimiz buna icazə vermir
Əslində “atalıq məzuniyyəti” deyilən bir məsələ yoxdur. Bununla bağlı müvafiq qanunvericiliyə də ayrıca nə isə əlavə etməyə ehtiyac və gərək duyulmur. Bu məsələ bir növ qanunvericilikdə öz əksini də tapıb.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, qanunvericilikdə övladlarla, uşaqlarla bağlı məzuniyyət məsələsində bu məqam var:
“Orada qeyd edilir ki, valideyn - ana və ya ata üç il ərzində məzuniyyətə çıxa bilər.
Onun da bir ili ödənişli əsaslarla, iki ili isə öz hesabına olur. Yəni, əgər evdə, ailədə qadının məvacibi kişinin məvacibindən çox olarsa, o zaman qarşılıqlı razılıq əsasında kişi-ər məzuniyyət götürə, uşağa baxa bilər.
Amma bizdə belə bir ənənə, təcrübə də yoxdur əslində. Həm də mentalitet buna bir o qədər imkan vermir ki, evin kişisi məzuniyyət götürüb uşağa baxsın. Həmçinin, bizdə kişilərin əməkhaqları qadınların əməkhaqlarından yüksək olur.
Ona görə də indi qanunvericilikdə bununla bağlı nə isə icad etməyə, hansısa zəruri dəyişikliyə ehtiyac yoxdur.
Qanunvericiliyin müvafiq müddəaları bu məsələyə imkan verir”.
Qeyd edək ki, “atalıq məzuniyyəti” təklifi BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.
Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb.
Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və MM tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin, xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Rəylər