28 May - Respublika Günü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Tədbirlər mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn və əyani formatda baş tutub.
“28 May - Müstəqilliyimizin əsasları” adlı veb-konfrans zamanı ATGTİ-nim üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə tələbələrlə Cümhuriyyətin elan edilməsi ərəfəsində mövcud ictimai-siyasi vəziyyət, qəbul edilən qərarlar, əldə edilən nailiyyətlər, beynəlxalq birlik tərəfindən Azərbaycan istiqlalının tanınması və AXC-nin işğalı məsələlərinə dair ətraflı müzakirələr aparılıb.
Həmçinin, müasir dövrümüzlə müqayisə aparılaraq, 20-ci əsrin sonlarında bərpa etdiyimiz müstəqilliyimizin yenidən təhlükə ilə üzləşdiyi və bu ağır dönəmdə məhz Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyi qoruyub saxladığımız və daha da möhkəmləndirdiyimiz qeyd olunub. Məhz bu ardıcıl siyasətin nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbəmiz mümkün oldu.
“Respublika həftəsi” çərçivəsində breyn-rinq intellektual oyunu, tələbələrin əsərlərindən ibarət sərgi keçirilib.
Həmçinin, tələbələr arasında məlumatlılığın artırılması məqsədi ilə mayın 25-də İttifaqın ofisində Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salan, hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən “Son iclas” filmi nümayiş olunub.
Mayın 25-də İttifaqın ofisində Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi və Dövlət İdarəçilik Akademiyasının komandaları arasında Respublika Gününə həsr olunmuş breyn-rinq oyunu keçirilib. Qalib olan Milli Aviasiya Akademiyasının komanda üzvləri diplomla təltif olunublar.
Tələbələr arasında Cümhuriyyətin yaranmasının 103-cü ildönümünə həsr olunmuş rəsm sərgisi də keçirilib. 26-27 may tarixlərində təşkil olunan sərgi zamanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, İqtisad Universiteti, Turizm və Menecment Universiteti və Dövlət İdarəçilik Akademiyasının tələbələrinin 20-yə yaxın əsəri nümayiş olunmuş, iki gün ərzində 150-dən çox tələbə sərgini izləyiblər. Sərginin sonunda əsərləri təqdim olunan tələbələr İttifaqın sədri və baş katibi tərəfindən mükafatlandırılıblar.